AZ

Pokrovsk döyüşü son mərhələyə daxil olub – şəhərin süqutuna günlər qalıb- Le Monde

Donetsk vilayətində yerləşən Pokrovsk şəhəri uğrunda döyüşlər həlledici mərhələyə qədəm qoyub. Fransanın Le Monde nəşrinin məlumatına görə, şəhərin süqutu bir neçə günə, ən çoxu iki həftəyə baş verə bilər.

Adını açıqlamayan bir ukraynalı hərbçinin sözlərinə görə, Rusiya qüvvələri şəhəri şimaldan mühasirəyə alıb, həmçinin cənub və şərqdən içəri daxil olub. Bu halda Pokrovsk, 2024-cü ilin fevralında Avdiivkanın süqutundan sonra Rusiya ordusunun ələ keçirdiyi ilk böyük şəhər ola bilər.

Le Monde yazır ki, Pokrovsk strateji logistika mərkəzi sayılır və şəhərin ələ keçirilməsi Rusiya ordusuna Dnepropetrovsk vilayətinə hücum üçün dayaq məntəqəsi qazandıra bilər.

İki ildir ki, Pokrovsk rus artilleriyası, dronlar və hava zərbələrinin daimi hədəfi olub. Nəticədə demək olar ki, bütün mülki əhali şəhəri tərk edib.

Jurnalistlərin qeyd etdiyinə görə, şəhər müharibələri adətən hücum edən tərəf üçün daha baha başa gəlir, bu səbəbdən belə döyüşlər aylarla davam edə bilərdi. Lakin Ukrayna ordusunun təchizat xətlərinin kəsilməsi vəziyyəti xeyli çətinləşdirib.

Pokrovskda bir ildən artıqdır xidmət edən, adı açıqlanmayan zabit “T.” bildirir ki, komandanlığın səhvləri nəticəsində ruslar şəhəri mühasirəyə ala bilib:

“Bir neçə həftədir normal təchizat yoxdur, son bir neçə gündə isə tamamilə dayanıb. Pokrovsk kimi bir şəhər – çoxsaylı hündürmərtəbəli binaları və qalın divarlı zavodları ilə – aylarla, hətta illərlə müdafiə oluna bilərdi. Amma indi bu, sadəcə günlərin, bəlkə də iki həftənin məsələsidir,” – zabit deyib.

Yayda Pokrovska göndərilən dəniz piyadaları briqadasının zabiti “P.” isə döyüşlərin gərginliyini belə təsvir edib:

“Bizim bölmə hələlik rusların daxil ola bilmədiyi bir məhəlləni qoruyur, amma döyüş xətti getdikcə yaxınlaşır. Cəmi bir neçə gün ərzində düşmən demək olar ki, bütün rayonlara soxulub.”

O qeyd edib ki, Rusiya ordusu həm canlı qüvvə, həm də dron baxımından böyük üstünlüyə malikdir:

“Onların sayı bizdən təxminən üç dəfə çoxdur. Biz bir qrup əsgəri məhv edəndə dərhal yerinə başqaları gəlir. Dron postunu vururuq, bir azdan başqa yerdə yenisi peyda olur. Elə bil onların resursları tükənməzdir.”

P.-nin sözlərinə görə, ruslar yavaş, amma sistemli şəkildə şəhərə doğru irəliləyir, kiçik qruplar dron səsləri eşidən kimi binalara girərək gizlənirlər.

Ukraynanın keçmiş müdafiə nazirinin müavini Vitali Deyneqa noyabrın 2-də sosial şəbəkədə bildirib ki:

“Əgər Pokrovsk və Mirnoqraddan geri çəkilmə əmri vaxtında verilməsə, çox sayda yüksək motivasiyalı desant və dəniz piyadasını itirəcəyik.”

O həmçinin xəbərdarlıq edib ki, bu gecikmə “domino effekti” yaradaraq, düşmənin arxada qurulmuş müdafiə xətlərini də asanlıqla ələ keçirməsinə səbəb ola bilər.

The Guardian yazır ki, rus qoşunları Pokrovsk ətrafında nəzarəti gücləndirib və şəhərdə küçə döyüşləri davam edir.

155-ci “Anna Kyivska” Ayrı Mexanikləşdirilmiş Briqadanın rabitə rəisi Artem Pribylnov bildirib ki, düşmən artıq şəhərin dərinliklərinə soxulub və Pokrovsk metropoliteni ərazisinə hava zərbələri artırılıb.

Ukraynanın “Skelya” 425-ci Əlahiddə Hücum Alayının döyüşçüləri isə Pokrovsk Şəhər Şurasının binasını rus işğalçılarından təmizləyib və binanın üzərində Ukrayna bayrağını qaldırıblar.

Seçilən
26
veteninfo.az

1Mənbələr