AZ

Üzeyir bəy Hacıbəylinin 140 illiyinə ADA Universitetinin töhfəsi

Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Yubiley münasibətilə bir sıra silsilə tədbirlər həyata keçirilir, elmi tədqiqatlar aparılır, yeni nəşrlər işıq üzü görür. Bu istiqamətdə mühüm işlərdən biri də ADA Universiteti tərəfindən reallaşdırılıb. Belə ki, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycan" yazıları" seriyasından "Üzeyir Hacıbəyli" kitabı nəşr olunub.

Xatırladaq ki, "Azərbaycan" yazıları" seriyası ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən "Azərbaycan" qəzeti (1918-1920) külliyyatının nəşrinə (20 cildliyə) paralel olaraq, qəzetdə bəzi şəxsiyyətlərin fəaliyyətini, yaxud müəyyən vacib mövzuların işıqlandırılmasını oxucuların diqqətinə toplu halda təqdim etməyi nəzərdə tutur. Bu seriyanın birinci kitabı "Ömər Faiq Nemanzadə" adlanır. Azərbaycan Respublikası Prezidentinin "Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 2022-ci il 3 oktyabr tarixli sərəncamına müvafiq olaraq çap edilib.

"Məhəmməd Əmin Rəsulzadə" isə bu seriyanın ikinci kitabıdır. Kitab Azərbaycan Respublikası Prezidentinin "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" 2023-cü il 30 dekabr tarixli sərəncamına uyğun olaraq işıq üzü görüb. 

"Azərbaycan" yazıları" seriyasının üçüncü kitabı "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2025-ci il tarixli sərəncamına müvafiq olaraq ərsəyə gətirilib. Nəşrdə Üzeyir bəy Hacıbəylinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin orqanı olan "Azərbaycan" qəzetində dərc etdirdiyi məqalələr toplanıb. "Üzeyir Hacıbəyli" kitabına daxil edilmiş bütün materiallar filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu tərəfindən transliterasiya edilərək akademik Teymur Kərimlinin elmi redaktorluğu ilə nəşrə hazırlanıb. 

Mətndə çətin anlaşılan ərəb-fars sözlərinin izahı verilib. Həmçinin "İzah və şərhlər" bölməsi oxucu üçün faydalıdır. Bütün bunlar oxucuya dövrün ruhunu və ab-havasını duymağa, eyni zamanda Üzeyir bəy Hacıbəylinin toxunduğu mətləbləri dərindən anlamağa kömək edir.

Üzeyir bəy Hacıbəyli jurnalistlik fəaliyyətinə gənc yaşlarında başlayıb. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının ən fəal jurnalistlərindən biri kimi tanınıb. Üzeyir bəyin məqalə, felyeton və tərcümələri "Kaspi" (1881-1919), "Həyat" (1905-1906), "İrşad" (1905-1908), "Tərəqqi" (1908-1909), "Həqiqət" (1909-1910), "Yeni iqbal" (1915-1917), "Azərbaycan" (1918-1920) və digər mətbu orqanlarda müntəzəm olaraq işıq üzü görüb.

Üzeyir bəy Hacıbəyli bir sıra mətbu orqanların, o cümlədən "Azərbaycan" qəzetinin həm də redaktorlarından biri olub. 

Çoxşaxəli yaradıcılığında əhəmiyyətli yer tutan jurnalistlik fəaliyyəti Üzeyir bəy Hacıbəylinin irsinin öyrənilməsi, tədqiq olunması ilə yanaşı, o illərdə baş verən ictimai, siyası və mədəni hadisələr barədə dərin məlumatlar almaq baxımından da olduqca əhəmiyyətlidir.

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş, ADA Universitetinin təqdirəlayiq və dəyərli töhfəsi olan "Üzeyir Hacıbəyli" kitabına müəllifin "Mühüm məsələlər", "Partiyalarımıza", "Azərbaycan Parlamanı", "Vəzifəmiz nədir?", "İstiqlal və istiqbal ümidi", "Tarixi günümüz", "Andranik məsələsi", "Təəssürat", "Fitnələr qarşısında", "Qarabağ haqqında", "Üzərimizdəki qara buludlar", "Başlanır", "Rusiya əhvalı", "Səmimiyyət lazım", "Əsassız tələb", "Qonşuluq", "Çörək bahalanması" və başqa yazıları daxil edilib.

Kitabda ictimai-siyasi xadim, publisist, redaktor Üzeyir bəy Hacıbəylinin "Azərbaycan" qəzetində "Filankəs", "Bir nəfər", "Ayn", "Ayn H", "Mizrab", "Çi" və başqa təxəllüslərlə, eləcə də Hacıbəyli Üzeyir, Üzeyir, Ü.Hacıbəyli. Üzeyir Hacıbəyli imzaları ilə dərc etdirdiyi məqalələr yer alıb. 

"Azərbaycan" yazıları" seriyasından nəşr olunmuş "Üzeyir Hacıbəyli" kitabında yer verilmiş məqalələr həm görkəmli publisistin yaradıcılığı, həm də Azərbaycan Xalq Cümhuriyyəti illərində baş vermiş mühüm hadisələr barədə oxuculara geniş məlumat verir. Yeni nəşrə daxil edilmiş məqalələr Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi mühiti, mürəkkəbliyi, problemləri haqqında geniş təsəvvür yaradır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr