AZ

Zəfərdən zəkaya: milli elmin yeni dövrü

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində etdiyi çıxış, həm məzmun, həm də ritorika baxımından ölkənin elmi siyasətində yeni mərhələnin konturlarını müəyyənləşdirən əhəmiyyətli sənəd kimi yüksək dəyər daşıyır. Cənab İlham Əliyev bu nitqində elmi fəaliyyətin yalnız akademik məqsədlərə deyil, həm də ölkənin strateji inkişaf prioritetlərinə xidmət etməli olduğunu açıq şəkildə bəyan etdi. Beləliklə, çıxış həm elmi sistemin özünə, həm də onun cəmiyyət və iqtisadiyyatla əlaqəsinə dair yeni mesajlar verdi: Əsas ideyalardan biri elmin və texnologiyanın dövlətin gələcək inkişaf modelində aparıcı yer tutmasıdır.

Ölkə başçısı yubiley çıxışında qeyd etdi ki, elmi tədqiqatlar yalnız nəzəri nəticələrlə məhdudlaşmamalı, ölkənin iqtisadi modernizasiyasına və innovativ istehsal potensialına real töhfə verməlidir. Bu vurğu elmi fəaliyyətin tətbiqi yönümlü istiqamətlərə daha çox fokuslanacağını göstərir. Burada məqsəd elmi araşdırmaları dövlət proqramları və texnoloji sənaye sahələri ilə birləşdirməkdir ki, bu da uzunmüddətli inkişafda elmi biliklərin iqtisadi dəyərə çevrilməsi üçün yeni mexanizmlərin formalaşmasını tələb edir. Bununla yanaşı, Prezidentin çıxışı elmin maliyyələşdirilməsi və idarə olunması sisteminin yenilənməsinə işarə etdi — bu isə AMEA-nın və digər elmi qurumların fəaliyyətində struktur və institusional dəyişikliklərin labüdlüyünü göstərir.

Digər tərəfdən, çıxışda milli ideologiyanın elmlə birləşməsi diqqət çəkdi. Zəfər, bərpa və milli dirçəliş kimi anlayışlara istinad edilməsi, elmi fəaliyyətin təkcə bilik istehsalı deyil, həm də milli kimliyin və dövlətçilik ideyasının təməl sütunlarından biri kimi nəzərdə tutulduğunu göstərdi. Elm bu kontekstdə ölkənin müstəqilliyini və texnoloji suverenliyini təmin edən sahə kimi təqdim olundu. Belə ritorika alimləri və tədqiqat institutlarını dövlətin strateji məqsədləri ilə daha sıx əlaqələndirməyə xidmət edir.

Cənab İlham Əliyevin çıxışının mühüm hissəsi elmin regionların inkişafında, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərində oynayacağı rola həsr olundu. Prezident bu bölgələrin yenidən qurulmasında elmi bilik və yerli mütəxəssis potensialının istifadə olunmasının vacibliyini vurğuladı. Bu, elmi fəaliyyətin iqtisadi, sosial və ekoloji nəticələr doğuran konkret layihələrlə birləşdirilməsi deməkdir. Eyni zamanda, bu istiqamət elmin yalnız mərkəzi akademik institutlarda deyil, regionlarda da güclənməsi, elmi biliklərin yerli icmalara ötürülməsi və tətbiqi elmlərin regional inkişaf strategiyalarına daxil edilməsi zərurətini göstərir. Beləliklə, Prezidentin nitqi elmin sosial funksiyasını genişləndirərək onu milli bərpa və inteqrasiya prosesinin bir hissəsinə çevirdi.

Prezident İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də insan kapitalı və texnoloji inkişaf məsələsidir: “Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.”

Əlbəttə ki, elmi fəaliyyətin effektivliyi üçün vacib şərtlərdən biri insan kapitalının inkişafıdır. Gənc alimlərin və tədqiqatçıların elmi proseslərə cəlb edilməsi bu istiqamətdə vacib məsələlərdəndir. Bu, həm elm sahəsində nəsil dəyişməsinin təmin edilməsinə, həm də innovativ ideyaların təşviqinə yönəlmiş mühüm strategiyadır. Lakin bu istiqamətdə davamlı nəticə əldə etmək üçün təkcə qısa müddətli təqaüdlər və layihə dəstəkləri deyil, eyni zamanda uzunmüddətli karyera inkişaf sisteminin qurulması vacibdir. Təbii resurslardan qazanılan gəlir ölkənin gələcəyinə yönəldilməlidir — yəni bu vəsaitlə savadlı, düşünən, yenilikçi nəsil yetişdirilməli, tədqiqatlara və texnoloji ideyalara dəstək artırılmalıdır. İnsan kapitalına yatırılan hər bir sərmayə gələcəkdə həm iqtisadi, həm də sosial baxımdan ən etibarlı qazancdır. Çünki torpağın altındakı sərvət bir gün bitə bilər, amma ağlın, bilginin və yaradıcılığın gücü bitmir — yetər ki, ona dəyər verilsin və inkişafına şərait yaradılsın.

Ölkə başçımız Cənab İlham Əliyev çııxışında Azərbaycan tarixi məsələlərinə də istiqamət verərək tarixçilər qarşısında mühüm vəzifələr qoydu: “ Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.”

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki nitqi sadəcə bir təbrik çıxışı deyil, Azərbaycan elminin gələcək inkişaf xəritəsi və milli intellektual dirçəlişin bəyannaməsidir. Azərbaycan elminə verilən bu çağırış, mahiyyətcə, bir modernləşmə konsepsiyasıdır: laboratoriyalardan səngərlərə, arxivlərdən texnoparklara, fərdi ideyalardan milli strategiyaya uzanan bir düşüncə xəritəsi.

Bu vizyon elmi yalnız öyrənmək və öyrətmək vasitəsi kimi deyil, həm də dövlətin gələcək enerjisini təmin edən intellektual mühərrik kimi dəyərləndirir. Artıq elm cəmiyyətin müşahidəçisi yox, onun hərəkətverici qüvvəsidir. Elm bu məqamdan etibarən sadəcə bilik istehsal etmir — o, milli suverenliyin, texnoloji müstəqilliyin və mənəvi gücün əsasını yaradır.

Bu baxımdan, AMEA-nın yubileyində səslənən ideyalar zamanın mürəkkəb suallarına verilmiş cavab, gələcəyin elmi-siyasi manifestidir. Əgər elmi ictimaiyyət bu çağırışın məsuliyyətini daşıya və onu əməli addımlarla gerçəkləşdirə bilsə, Azərbaycan təkcə neft ölkəsi deyil, bilik, ideya və yaradıcı güc ölkəsi kimi tarixə düşəcək. Elm bu yolda dövlətin nəfəsi, xalqın yaddaşı və gələcəyin səsi olacaq.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
sesqazeti.az

1Mənbələr