Parisdəki Luvr Muzeyində “əsrin soyğunçuluğu” ilə bağlı istintaq davam etdikcə şübhəlilərin profilləri daha da aydınlaşır.
Hafta.az xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, saxlanılan dörd nəfərdən biri internet dünyasında tanınmış bir şəxsdir. 19 oktyabrda Luvrun məşhur Apollon Qalereyasında 88 milyon avroluq oğurluqdan sonra polis genişmiqyaslı araşdırma başladıb.
Bu günə qədər dörd nəfər “mütəşəkkil oğurluq və cinayətkar təşkilata üzvlük” ittihamı ilə həbs olunub. Lakin onlardan biri ictimaiyyətin böyük təəccübünə səbəb olub: sosial mediada “Doudou Cross Bitume” kimi tanınan keçmiş yutuber olan 39 yaşlı Abdoulaye.
2000-ci illərin sonlarında “YouTube”da motosikletlər akrobatik hərəkətlər göstərdiyi videoları ilə tanınan “Doudou Cross Bitume” bir vaxtlar minlərlə izləyicisi olan məşhur bir şəxs olub. Zamanla o, məzmununu motosiklet məşqlərinə və bodibildinq videolarına çevirib.
“Le Parisien”in məlumatına görə, Abdoulaye keçmişdə narkotik saxlamaq və daşımaq, sürücülük vəsiqəsi olmadan maşın sürmək, polisdən yayınmaq və əmrlərə tabe olmamaq kimi cinayətlərə görə dəfələrlə həbs olunub. 2014-cü ildə zərgərlik mağazasına soyğunçuluqda iştirakına görə üç il həbs cəzasına məhkum edilib. Azadlığa çıxdıqdan sonra qanunsuz taksi sürməklə özünü dolandırıb. Hətta Pompidou Mərkəzində və Albinet Muzeyində mühafizəçi işləyib.
Müstəntiqlər şübhəlinin soyğunçuluqdakı rolunu qismən etiraf etdiyini bildirirlər. “Doudou Cross Bitume” iddia edib ki, o, “bir qrup təhrikçinin təlimatı ilə” hərəkət edib. Lakin həm onun, həm də onun əlbir olduğu şəxslərin ifadələri polisi çaşdırıb.
Şübhəlilərdən biri “Luvr sadəcə şüşə piramida idi” deyə düşündüyünü deyib. Digəri isə muzeyin bazar günləri bağlı olduğunu düşündüyünü bildirib. Polis rəsmiləri hesab edir ki, bu “sadəlövh” ifadələrin arxasında daha mürəkkəb bir təşkilat dayanır.
“Əsrin soyğunu” adlandırılan hadisədə oğurlanan zinət əşyalarının taleyi hələ də məlum deyil.
Bundan əlavə, Fransanın “Liberation” qəzetinin məlumatına görə, muzeyin təhlükəsizlik sistemlərinə daxil olmaq üçün parol illərdir “Luvr” olaraq qalıb. Fransa Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyi (ANSI) tərəfindən 2014-cü ildə hazırlanmış məxfi audit hesabatlarına görə, muzeyin rəqəmsal infrastrukturunda “çoxsaylı zəifliklər” olub və bəzi sistemlər hələ də “Windows 2000” və “Windows Server 2003” əməliyyat sistemlərində işləyib. Auditorlar qeyd etdilər ki, onlar sistemə sadəcə “Luvr” yazmaqla daxil ola biliblər. Bu çatışmazlıqların 88 milyon avro dəyərində daş-qaşların oğurlanmasına səbəb ola biləcəyinə inanılır.