AZ

Elm milli inkişafın, intellektual müstəqilliyin təməlidir- ÖZƏL

"Təəssüf ki, bəzi professor-müəllim heyəti universitetin real inkişaf problemləri ilə məşğul olmaq əvəzinə, gecə-gündüz sosial şəbəkələrdə müxtəlif universitetlərə etdikləri səfərlərin fotolarını paylaşmaqla kifayətlənirlər. Sanki elmi əməkdaşlıq artıq ideyaların, layihələrin, birgə tədqiqatların deyil, "selfie"lərin və formal görüşlərin mövzusuna çevrilib. Halbuki elmi səfərin dəyəri onun foto arxivində deyil, gətirilən bilik, təcrübə və tətbiq olunan yenilikdə ölçülür". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim Zahid Məmmədov deyib: "Universitetin inkişafı üçün məsuliyyət yalnız rəhbərliyin deyil, hər bir müəllimin, hər bir tədqiqatçının üzərinə düşür. Elmi fəaliyyət kağız üzərində yazılmış plan və hesabatlardan ibarət deyil; bu, düşüncə tərzidir, sistemli yaradıcılıqdır, öhdəlik və vicdan məsələsidir. Əgər səfərlərdən qayıtdıqdan sonra laboratoriyada, auditoriyada və ya elmi mərkəzdə heç bir dəyişiklik hiss olunmursa, deməli, həmin səfərlər universitetin elmi həyatına heç bir töhfə verməyib.
Bu gün universitetlərin əsas problemi "fəaliyyət görüntüsü" ilə "real nəticə" arasındakı uçurumdur. Elmi fəaliyyətin formalaşmasında məsuliyyət məhz bu uçurumu aradan qaldırmaq bacarığıdır. Bu məsuliyyəti hiss edən alim, hər bir addımını özünün və universitetinin elmi reputasiyasına əlavə dəyər kimi görür.
Elm nümayiş deyil, nümunədir. Vəzifə daşıyanların, professor-müəllim heyətinin nümunəsi isə cəmiyyət üçün təkanverici amildir. Əgər elmi fəaliyyət formal hesabatlara, səfər fotolarına, konfrans səhnələrinə sığınıb qalırsa, bu, universitetin ruhunu zəiflədir. Universitetlər elmi vicdanın, intellektual mübarizənin, sosial məsuliyyətin mərkəzi olmalıdır, fərdi piarın, şəxsi təbliğatın deyil.
Hər bir universitetin gələcəyi onun elmə necə yanaşmasından asılıdır. Elm qarşısında məsuliyyət sadəcə bir etik prinsip deyil, bu, milli inkişafın, intellektual müstəqilliyin təməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr