Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə daha bir qalmaqallı qərar müəllimlərin haqlı etirazına səbəb olub. Kollecin rəhbəri Xoşqədəm Xudiyeva tərəfindən müəllim Aytən Həsənova təqdim edilən “əmək şəraitinin dəyişdirilməsi barədə xəbərdarlıq” sənədi formaca qanunauyğun görünsə də, məzmun və məqsəd baxımından ciddi suallar doğurur...
Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, işəgötürən əmək şəraitinin dəyişdirilməsi barədə işçiyə ən azı bir ay əvvəl yazılı xəbərdarlıq etməlidir. GDU nəzdindəki Regional Kollec rəhbərliyi bu müddətə formal olaraq riayət edib sənəd 30.10.2025 tarixində imzalanıb və 30.11.2025-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Lakin burada əsas problem əmək şəraitinin dəyişməsi anlayışının məqsədli şəkildə təhrif edilməsidir. Müəllimlərin dərs yükünün azaldılması və maaşın 458,70 manata endirilməsi, faktiki olaraq məcburi ixtisarın gizli formasıdır. Qanuna görə, belə hallarda rəhbərlik işçiyə alternativ iş yeri təklif etməli və əməkhaqqı azaldılmamalıdır, amma bu tələblərə əməl edilməyib.
“İxtisar” yox, “əmək şəraiti dəyişikliyi” adı altında manipulyasiya
Regional Kollecin “Mədəniyyət və incəsənət” şöbəsində bəzi ixtisasların bağlanması əsas gətirilərək müəllimlərin dərs yükü azaldılıb. Əslində, bu, struktur ixtisarı deməkdir. Belə olan halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (iş yerlərinin ixtisarı) tətbiq olunmalıdır.
Lakin Xoşqədəm Xudiyeva qanunun mahiyyətindən yayınaraq, 56 və 68-ci maddələrə istinad edib, prosesi “əmək şəraitinin dəyişdirilməsi” kimi göstərib. Bu, hüquqi manipulyasiyadır və işçinin hüquqlarını formal şəkildə pozmaq üçün istifadə olunan üsuldur.

Regional Kollecdə son aylarda bir neçə müəllim oxşar “əmək şəraiti dəyişdirilməsi” barədə xəbərdarlıq aldığını bildirir. Onların sözlərinə görə, rəhbərlik bu sənədlər vasitəsilə psixoloji təzyiq göstərir, müəllimləri öz istəyi ilə işdən çıxmağa məcbur edir.
Bu isə təkcə əmək qanunvericiliyinə deyil, həm də pedoqoji etika prinsiplərinə ziddir. Müəllimlər özlərini tədris mühitində deyil, idarəetmənin basqı rejimində hiss edirlər.
Xoşqədəm Xudiyevanın imzası ilə verilən bu sənəd göstərir ki, Regional Kollecdə insan resursları və hüquq məsələləri üzrə bilik səviyyəsi çox aşağıdır. Əmək münasibətləri sahəsində ən elementar prinsiplər əməkhaqqının sabitliyi, işçinin razılığı və alternativ iş təklifin nəzərə alınmadan qərarlar verilir.
Bu isə təkcə bir müəllimin deyil, bütün təhsil ocağının reputasiyasına zərbə vurur. Təəssüf ki, bu gün bir çox təhsil müəssisələrində idarəçilik peşəkarlıqla yox, şəxsi münasibətlər və qorxu mühiti ilə həyata keçirilir.
Təhsil işçiləri və ictimaiyyət haqlı olaraq soruşur: “Elm və Təhsil Nazirliyi bu cür halları görmürmü?”
Əgər qanun pozuntusu açıq şəkildə sənədlə sübut olunursa, belə rəhbərlərin vəzifədə qalması təhsil sisteminə inamı sarsıdır. Nazirlik yalnız rəqəmlərlə yox, real vəziyyətlə maraqlanmalı və kadr siyasətində məsuliyyətli qərarlar qəbul etməlidir.
Regional Kollecdə Xoşqədəm Xudiyeva tərəfindən verilmiş bu xəbərdarlıq formaca qanuna uyğun görünsə də, mahiyyətcə hüquqa və idarəetmə etikasına ziddir. Əmək Məcəlləsi formal yox, ədalətli və şəffaf tətbiq üçün nəzərdə tutulub. Təhsil sisteminin inkişafı isə yalnız savadsız rəhbərlərin deyil, hüquqa hörmət edən mütəxəssislərin idarəçiliyi ilə mümkündür.
Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dinləməyə dərc etməyə hazırıq.
Poliqon.info