AZ

Azərbaycan elminin dünəni, bu günü və sabahı

Müasir dünyada hər bir dövlətin, xalqın inkişafı böyük dərəcədə elmin səviyyəsi ilə ölçülür. Azərbaycan elminin məbədi sayılan  Milli Elmlər Akademiyası artıq 80 illik yubileyini qeyd edir. Ötən 80 ildə böyük yol keçilib, güclü kadr potensialı formalaşıb, alimlərimiz öz axtarışları və kəşfləri ilə ölkəmizin inkişafına dəyərli töhfələrini veriblər. Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında keçilən şərəfli yolu xatırlatmaqla elmimizin uğurlarından məmnunluğunu bildirib, həmçinin yeni çağırışlar dönəmində qarşıda duran vəzifələrə diqqət çəkib.

Elmin və alimlərin böyük hamisi

Azərbaycan Elmlər Akademiyası 27 mart 1945-ci ildə təsis olunub. 31 mart 1945-ci ildə Akademiyanın ilk ümumi yığıncağı keçirilib. Ötən dövrdə Azərbaycan elmi bugünkü yüksək səviyyəyə çatanadək bir sıra mərhələlərdən keçib. Bunların sırasında böyük siyasətçi Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər elmimizin inkişafı, milli kadrlar ordusunun formalaşması baxımından xüsusilə fərqlənir. Məlumdur ki, Heydər Əliyev respublikamıza ideoloji baxımdan tamam fərqli qütblərdə dayanan iki ictimai-siyasi formasiyada - keçmiş sovet dönəmində və müstəqillik illərində rəhbərlik edib. Keçmiş ittifaqda ideoloji çərçivələr var idi, milli baxışlar, milli təəssübkeşlik yolverilməz sayılırdı. Lakin 1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyev sərt ideoloji çərçivələri aşmaqla  xalqın özünüdərkinə, milli intibaha vəsilə ola biləcək məqsədyönlü fəaliyyətlər reallaşdırmağa nail olub. Onun diqqət və qayğısı sayəsində respublikamızda, necə deyərlər, qaynar təhsil mühiti yaranmışdı. Heydər Əliyev bütün səviyyələrdə təhsilə əlçatanlığın təmin olunmasından ötrü güclü maddi-texniki bazanın yaradılmasına xüsusi diqqət yetirib. Xatırladaq ki, ötən əsrin 70-80-ci illərində  paytaxtda və regionlarda 800-dən çox yeni məktəb binası tikilərək istifadəyə verilib, ali məktəblərin sayı 12-dən 17-yə çatdırılıb, tələbə kontingenti 70 mindən 100 minə qədər artıb.  Eləcə də məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Təhsillərini başa vurduqdan sonra Vətənə dönən həmin gənclər uzun illər ərzində milli kadrlar potensialının özəyini təşkil ediblər.

Sonradan tale elə gətirdi ki, Azərbaycanın müstəqilliyini qorumaq missiyası da Heydər Əliyevin üzərinə düşdü. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” cütlüyünün bir illik səriştəsiz idarəçiliyi respublikamızı uçurumun kənarına kətirib çıxartmışdı. Belə çətin vəziyyətdə xalq seçimini edərək təkidlə o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevin respublikanın rəhbərliyinə gəlməsini istədi. Xalqın səsinə səs verən Heydər Əliyev ikinci dəfə respublikanın rəhbərliyinə gəlməklə müstəqilliyimizin süqut etməsinin qarşısını aldı, ölkədə sabitlik yaratdı və gələcək inkişafın əsasını qoydu. Prezident İlham Əliyev bəhs olunan çıxışında o dövrün kədərli mənzərəsini xatırladıb. Həmin illərdə respublikamızın vəziyyəti ağır idi. Ölkə işğala məruz qalmışdı, bir milyondan artıq insan ev-eşiyini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Eyni zamanda, ölkədə vəsait qıtlığı son həddə çatmışdı, xəzinə tamam boş idi, iqtisadiyyat tənəzzülə uğramışdı. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi onda idi ki, O, hətta çətin vəziyyətdə belə alimlərə, elmə, təhsilə qayğısını əsirgəmirdi.  AXC-”Müsavat” iqtidarı dönəmində elm, təhsil sahəsində də durğunluq yaranmışdı. Ögey münasibətə dözməyən bir sıra alimlər və mütəxəssislər ölkəni tərk etmişdilər. İş o yerə çatmışdı ki, hətta Elmlər Akademiyasının ayrı-ayrı institutlarının bağlanması, onların yerləşdikləri binaların kommersiya qurumlarına verilməsi təhlükəsi yaranmışdı. Belə acınacaqlı vəziyyətdə respublikanın rəhbərliyinə qayıdan Heydər Əliyevin ilk görüşlərindən birini  1993-cü il sentyabrın 21-də Azərbaycan Elmlər Akademiyasında keçirməsi təsadüfi deyildi. “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir”, - deyə Heydər Əliyev həmin görüşdə qətiyyətlə bildirib.

Ulu Öndərin belə qətiyyətli mövqeyi alimlərimiz, elmi müəssisələrin kollektivləri üçün bir ümid işığına çevrildi. Ölkədə təhsil islahatlarına start verildi. Qeyd etmək xoşdur ki, bu islahatların aparıcı qüvvəsi 1969-1982-ci illərdə Heydər Əliyevin himayəsi altında keçmiş ittifaqın qabaqcıl ali məktəblərində yüksəksəviyyəli təhsil almış gənclər idilər.

Heydər Əliyev 1997-ci il yanvarın 31-də Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlər qrupunu qəbul edərək, elm sahəsində islahatların həyata keçirilməsinin zamanı çatdığını bildirib.  Həmin tarixi görüşdə Heydər Əliyevin verdiyi dəyərli tövsiyələr elmin strateji inkişaf və islahatlar konsepsiyasının əsasını təşkil edib. Heydər Əliyev 15 may 2001-ci il tarixində mühüm bir  Fərman imzalayıb. Həmin Fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilib. Ulu Öndərin Azərbaycan elminin inkişafı naminə atdığı mühüm addımlardan biri də 2002-ci ildə AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzalaması olub.

Əlbəttə, bir yazı daxilində Ümummilli Liderimizin  ölkəmizdə elmin, təhsilin inkişafına göstərdiyi qayğını bütünlüklə əhatə emək mümkün deyil.Prezident İlham Əliyevin bildirdiyi kimi, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi.

Elmə, təhsilə qayğı siyasətində varislik

Uğurların qazanılması üçün dövlət siyasətində varisliyin təmin olunması mühüm şərtdir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət sonrakı mərhələdə də eyni ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyev çıxışında ölkəmizdə elm sahəsində də dövlət siyasətinin ardıcıllığının təmin edildiyini vurğulayaraq deyib: “Təbii ki, illər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrılır. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı”.

Son iyrimi ildən artıq müddətdə Prezident İlham Əliyevin imzaladığı mühüm sənədlər əsasında həm təhsildə, həm də elm sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib. İndiyədək Azərbaycan gənclərinin dövlət vəsaiti hesabına dünyanın qabaqcıl ali təhsil müəssisələrində təhsil almalarını özündə ehtiva  edən bir neçə Dövlət Proqramının icrası uğurla tamamlanıb. Hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” həyata keçirilir. 2025-2026-cı tədris ili üçün keçirlən müsabiqənin nəticələrinə əsasən 356 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıb. Nəticə etibarı ilə, 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər xaricdə  təhsil almaq hüququ qazanıb.

Paralel şəkildə, ölkəmizdə elmin inkişafını hədəfləyən çoxsaylı sənədlər imzalanıb və maddi-texniki baza davamlı olaraq möhkəmləndirlilib. Böyük elmi kitabxananın, Milli Ensiklopediya üçün yeni binanın inşası, həmçinin elmi-tədqiqat institutlarının yüksək səviyyədə təmiri və avadanlıqlarla təchiz edilməsi bu qəbildən olan tədbirlər sırasındadır. 2009-cu ildə Elm Fondu yaradılıb, elmin inkişafı üzrə Milli Strategiya, müvafiq Dövlət Proqramı, “Elm haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyev 18 mart 2025-ci il tarixdə “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bütövlükdə, elmin inkişafını hədəfləyən tədbirlərin siyahısı çox uzundur.

Mübariz ABDULLAYEV

Seçilən
36
1
yeniazerbaycan.com

2Mənbələr