AZ

Eltun Süleymanov: "Üçrəngli Bayraq azərbaycançılıq məfkurəsinin əbədiyyət rəmzidir"



9 noyabr Azərbaycan dövlətçiliyinin rəmzlərinə ən dərin ehtiramı ifadə edən tarixi gündür. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qiymətli bir tarixdir. Bu gün yalnız bir simvolun qeyd günü deyil, həm də müstəqil Azərbaycanın milli mənəviyyatının, azadlıq fəlsəfəsinin və dövlətçilik ideologiyasının təntənəsidir. Ulu Öndər Heydər Əliyev bu rəmzin mənəvi yükünü belə ifadə etmişdi: “Azərbaycan Bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənclər bunu dərk etsin, qiymətləndirsin.”

Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən üçrəngli bayraq, xalqın milli istiqlal ideologiyasının parlaq təcəssümü idi.
1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin iclasında qəbul olunan Dövlət Bayrağı, o zaman milli azadlıq ideyalarının, türk kimliyinin və müasir düşüncənin rəmzinə çevrildi. Mavi rəng – türk mənşəyimizi, Qırmızı rəng – müasirliyə və tərəqqiyə yönəlmiş yolumuzu, Yaşıl rəng – İslam dəyərlərinə sadiqliyimizi ifadə edir. Bu ideya düsturu – “Türkçülük, müasirlik, islamçılıq” – böyük mütəfəkkir Əli bəy Hüseynzadənin milli təfəkküründən doğmuş və Azərbaycan dövlət rəmzinin mənəvi sütununa çevrilmişdir. Sovet imperiyasının son illərində Azərbaycanın milli ruhunu yenidən dirçəldən şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyev oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi o, xalqın qəlbində illərlə qorunub saxlanılmış üçrəngli bayrağı dövlət atributu kimi qəbul etdirdi. “O zaman biz bu bayrağı sessiya salonuna gətirdik, başımızın üstünə vurduq. Hələ sovet hakimiyyəti mövcud idi, lakin biz qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı olsun,” – deyə Ulu Öndər sonradan bu hadisəni xatırlayırdı. Bu qərar Azərbaycanın gələcək müstəqillik yolunda mühüm siyasi dönüş nöqtəsinə çevrildi. Naxçıvandan başlanan milli dirçəliş az sonra bütün ölkəyə yayıldı. 1991-ci ilin fevralında həmin bayraq artıq Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildi. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə üçrəngli bayraq rəsmi olaraq bərpa edildi. Beləliklə, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi öz tarixi davamlılığını təsbit etdi. Konstitusiyanın 23-cü maddəsində Dövlət Bayrağının təsviri və mahiyyəti aydın şəkildə müəyyən edilib, 2018-ci ildə qəbul olunmuş Konstitusiya Qanunu isə bu rəmzin hüquqi statusunu daha da möhkəmləndirib. Bu, dövlət atributuna göstərilən ali ehtiramın və hüquqi məsuliyyətin bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev üçün bayraq sadəcə bir rəmz deyil, həm də milli birliyin və dövlətçilik düşüncəsinin simvolu idi: “Kim Azərbaycanı sevirsə, kim onun müstəqilliyini qorumaq istəyirsə, o, bu bayraq altında birləşməlidir.” Bu ideya “azərbaycançılıq” fəlsəfəsinin ən parlaq təzahürüdür. Bayrağa ehtiram dövlətə sədaqətin, vətəndaş məsuliyyətinin və milli kimliyə hörmətin ifadəsidir.

Məhz bu mənəvi yanaşmanın davamı kimi cənab Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir. Prezident İlham Əliyev üçün üçrəngli bayraq Azərbaycanın suverenliyinin və qürurunun canlı simvoludur. O, 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında çıxışı zamanı demişdi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. O, bu gün hər yerdə dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bu bayraq Şuşada, Xankəndidə dalğalanacaqdır.” Bu sözlər 10 il sonra tarixi reallığa çevrildi. 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və o bayraq Şuşada, Xankəndidə, Zəngilanda, Laçında, Cəbrayılda, Füzulidə – bütün Qarabağ səmasında ucaldı. Bu mənzərə təkcə hərbi qələbə deyil, həm də üçrəngli bayrağın tarixi qisası, milli iradənin qələbəsi idi. Bu gün Azərbaycan bayrağı dünyanın hər yerində müstəqil və güclü dövlətimizin simvolu kimi dalğalanır. O, beynəlxalq təşkilatların qarşısında, azad edilmiş torpaqlarımızda, hər bir vətəndaşın qəlbində ucalır. Ulu Öndər demişdi: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun. Bu bayraq hər bir ailənin həyatının əziz bir hissəsinə çevrilməlidir.” Bu çağırış bu gün reallıqdır. Bayrağımız müstəqil dövlətin gücünü, xalqın birliyini, qələbə əzmini və gələcəyə inamını təcəssüm etdirir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün yalnız bir dövlət atributu deyil, həm də millətin şəxsiyyətidir. O, tariximizin, müstəqilliyimizin və azadlıq ideallarımızın canlı simvoludur. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək; “Bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Bu gün bu bayraq artıq Qalib Azərbaycanın bayrağıdır – azad torpaqlarımızda dalğalanan, xalqın iradəsini, dövlətin gücünü və millətin birliyini təcəssüm etdirən müqəddəs rəmzdir-deyə E. Süleymanov fikrini tamamlayıb.



Seçilən
13
aia.az

1Mənbələr