AZ

Şuşa Qələbəmizin tacı, mədəniyyətimizin beşiyi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu gün təkcə Zəfər Günü deyil, həm də Vətənimizin incisi, Qarabağın tacı olan Şuşa şəhəri günü kimi qeyd olunur. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı təkcə ərazi bütövlüyünü deyil, həm də mənəvi diriliyini, milli qürurunu geri aldı.

Şuşa hər bir azərbaycanlının qəlbində müqəddəs bir məkan, milli kimliyimizin rəmzidir. Bu şəhər əsrlər boyu Azərbaycanın musiqi, poeziya və maarif mərkəzi olmuşdur. Buradan Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül kimi dahilər doğulmuş, Şuşanın mədəni ruhunu dünyaya yaymışlar.

2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı qəhrəmanlıqla azad etdi. Hər bir əsgər, hər bir zabit bu müqəddəs torpağa canını fəda etməyə hazır idi. Dağların zirvəsindən dalğalanan üçrəngli bayraq Şuşanın yenidən Azərbaycan ruhu ilə nəfəs aldığının ən parlaq simvoluna çevrildi.

Prezident İlham Əliyev Şuşanın azad edilməsini “Zəfərimizin zirvəsi” adlandırdı. Bu ifadə təkcə hərbi uğurun yox, eyni zamanda milli dirçəlişin, birliyin və əzmkar ruhun təntənəsidir. Şuşanın azadlığı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Bu gün həmin zəfər Azərbaycan xalqının birliyi və gücünün təcəssümüdür.

Son beş ildə Şuşa sürətlə bərpa olunur. Küçələr, tarixi abidələr, məscidlər və mədəniyyət ocaqları yenidən öz görkəmini alır. Şəhər həm tarixi simasını qoruyur, həm də müasir dövrün inkişaf ruhuna uyğun şəkildə yenilənir. Prezident İlham Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” fikri artıq reallığa çevrilib.

2021-ci ildə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin ildən bəri şəhərdə keçirilən “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri və digər tədbirlər milli ruhun, mədəni irsin təntənəsinə çevrilib. Bu tədbirlər bir daha göstərir ki, Şuşa təkcə bir şəhər deyil, həm də xalqımızın ruhudur.

Bu gün Şuşa həm qələbənin, həm dirçəlişin, həm də gələcəyə inamın simvoludur. Hər daşında tarix, hər səsində mədəniyyət, hər nəfəsində azadlıq duyulan bu şəhər yenidən Azərbaycanın mədəniyyət beşiyinə çevrilir.

Şuşa səfərlərimizdə duyduğumuz o qürur hissi — şəhidlərimizin qanı ilə yoğrulmuş bu torpaqda azad nəfəs almaq hissi — hər bir azərbaycanlı üçün ən böyük mükafatdır.

Əziz Şuşa, sən artıq azadsan! Sən yenidən gül açan Xarıbülbül kimi dirçəlmisən. Qoy 8 Noyabr hər il Azərbaycan xalqının həm qürur, həm minnətdarlıq, həm də əzmkarlıq günü kimi yad olunsun.

Şuşa – Qələbəmizin Tacı, Azərbaycan ruhunun əbədiyyət qalasıdır!

Xəyyam Vəliyev,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
sesqazeti.az

2Mənbələr