Bakı, 6 noyabr, AZƏRTAC
İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi təbii ki, gənclərimizin fəallığı və birgə təşəbbüsləri ilə daha da güclənəcək. Artıq ikinci dəfədir bu forum keçirilir. Əminəm ki, bu platforma çərçivəsində gənclərimiz bir-birinə daha da yaxınlaşacaq, yeni dostluq əlaqələri yaranacaq. Bu münasibətlər gələcək nəsillərimiz arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 6-da Bakıda keçirilən Azərbaycan–Özbəkistan II Gənclər Forumunda çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov deyib.
Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gənclərə xüsusi diqqət və qayğı göstərir: “Həm Azərbaycanda, həm də Özbəkistanda dövlət başçılarının dəstəyi ilə gənclər üçün geniş imkanlar yaradılıb. Ölkəmizdə müasir Gənclər evləri fəaliyyət göstərir, beynəlxalq tədbirlər, gənclər mübadilə proqramları həyata keçirilir. Forum iştirakçıları bu səfər çərçivəsində Gənclər evlərinin fəaliyyəti ilə də yaxından tanış olacaq”.
Fərid Qayıbov Azərbaycan və Özbəkistan gənclərinin uğurlarının qarşılıqlı sevinc doğurduğunu qeyd edib: “Biz hər zaman bir-birimizin nailiyyətlərinə sevinirik. Özbəkistanın idmançı və gənclərinin uğurları bizim uğurumuzdur. Ölkənizin futbol üzrə dünya çempionatının seçmə mərhələsində iştirakını böyük məmnuniyyətlə izlədik. Eyni zamanda, dünən ‘Qarabağ’ futbol komandamızın uğurlu çıxışı da bizi qürurlandırdı və əminəm ki, siz də bu sevincimizi bölüşürsünüz. Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcək. Bu, bir daha göstərir ki, Azərbaycan və Özbəkistan müxtəlif sahələrdə, o cümlədən idman və gənclər əməkdaşlığında çiyin-çiyinə çalışır”.