AZ

Bənövşə ətirli qəzəllər

Xaçmazda Murad Qudyalçaylı adına “Ulduzlar” ədəbi məclisinin üzvü, şair Mövlan Şahidin 60 illik yubileyi qeyd edilib, “Bənövşə ətirli qəzəllərim” kitabının təqdimatı keçirilib.

Heydər Əliyev Mərkəzində düzənlənən yubiley tədbirində “Ulduzlar”ın baş katibi Aqşin Dadaşoğlu Mövlan Şahidin sənətkar və şəxsiyyət kimi üstün cəhətlərindən, poetik üslubundan danışıb. 60 yaşının tamam olması və ədəbiyyata verdiyi töhfəyə görə Mövlan Şahidə Məclisin diplomunu təqdim edib.

Mərkəzin direktoru Könül Əskərova bölgədə və ölkədə qəzəlləri ilə tanınan M.Şahidin yubileyinin məhz Heydər Əliyev Mərkəzində keçirilməsinin dövlətin yaradıcı insanlara diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. Yubilyara xoş diləklərini çatdıran AYB Quba bölməsinin rəhbəri, tanınmış şair Ramiz Qusarçaylı M.Şahidin özünəməxsus yaradıcılığından, bənövşəyi ətirli şeir və qəzəllərindən danışıb, Heydər Əliyev Mərkəzinin belə tədbirlərə ev sahibliyi etməsini təqdirəlayiq hal adlandırıb. Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva M.Şahidin çoxçalarlı yaradıcılığından söz açıb, yubilyar barədə ürək sözlərini bölüşüb.

Daha sonra “Ulduzlar”ın üzvləri – Qərib Aşkari, Firudin Həvəskar, Məmməd Qədir, İbrahim Ağçaylı, Cümşüd Aydəmir, Mehparə Sadıqova, Səməd Asifoğlu, Kənan Rahi, Telman Təravət, Gözəl Azayeva, Gülçəmən Həbibova, Rübabə Mustafayeva, Nəzakət Xanım, Dilarə Rüstəmova yubilyarı təbrik edib, bəziləri ürək sözlərini şeirləri ilə çatdırıblar.

Əməkdar jurnalist Azər Həsrət Xaçmazda ədəbiyyat adamlarına münasibətin yüksək olduğunu, Heydər Əliyev Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyi kimi qurumların bu yöndə dövlət siyasətinə verdikləri töhfələri qeyd edib.

Sonda çıxış edən yubilyar Mövlan Şahid diqqətə görə Heydər Əliyev Mərkəzi və “Ulduzlar”a təşəkkürünü bildirib, bunu yaradıcılıq stimulu kimi dəyərləndirib.

XQ

Seçilən
34
1
xalqqazeti.az

2Mənbələr