AZ

Mənzil satmaq adı ilə dələduzluq edən şirkət rəhbəri və digər şəxslərə hökm oxundu

BAKI, 6 noyabr. TELEQRAF

Bakıda mənzil satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərov, Oqtay Adışov və Xəzər Əliyevin növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsndə hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib.

O, Xəzər Əliyevin 7 il 6 ay, Oqtay Adışovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Dövlət ittihamçısı bundan əvvəl dəfələrlə məhkum olunan Xanlar Cəfərovun barəsində olan cəzanı hazırkı cəza ilə birləşdirilməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər biri barəsində əlavə cəza olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməsini bildirib.

Dövlət ittihamçısı Xəzər Əliyevin barəsində başqa yerə getməmək barədə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını tələb edib.

Zərərçəkmiş şəxslər çıxış edərək dəymiş ziyanın ödənilməsini istəyiblər.

Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Bundan sonra təqsləndirilən şəxslər son söz deyiblər. Xanlar Cəfərov barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Digər təqsirləndirilən Oqtay Adışov ziyanı ödədiyini deyib və bunun nəzərə alınmasını xahiş edib.

Digər təqsirləndirilən Xəzər Əliyev ziyanı ödəmək istəmək niyyətində olduğunu deyib. Himayəsində azyaşlı uşağın olmasının nəzərə alınmasını xahiş edib.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər.

Xəzər Əliyev 6 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib. Onların cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Bundan əvvəl də dəfələrlə məhkum olunan Xanlar Cəfərovun barəsində olan cəza hazırkı cəza ilə birləşdirilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Ona əlavə cəza olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum ediliblər. Onların cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Oqtay Adışova isə 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.Mülki iddia qismən təmin edilib.
İttihama görə, Xanlar Cəfərov “Avro Qrand” MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib.

Xəzər Əliyev 2018-2021-ci ildə mütəşəkkil dəstənin üzvləri ilə ev satmaq adı ilə vətəndaşların pulunu ələ keçiriblər.
Cinayət işi üzrə üç nəfər zərərçəkmiş qismində tanınıb və ümumi ziyan 139 min manatdır. İstintaq dövründə 32 min manat ziyan ödənilib.

Xanlar Cəfərov bundan əvvəl dəfələrlə məhkum olunub. O, sonuncu dəfə 2024-cü ildə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
40
teleqraf.com

1Mənbələr