"Zəfər Günü həm də xalq-dövlət birliyinin, milli həmrəyliyin və ordu-millət vəhdətinin bayramıdır. 44 gün ərzində Azərbaycanın bütün bölgələri, müxtəlif təbəqələrdən olan vətəndaşlar bir amal uğrunda - Vətən uğrunda birllik nümayiş etdirdilər. Azərbaycan ordusu bu birliyin təcəssümü kimi, müasir döyüş strategiyası, texnoloji üstünlük və yüksək mənəvi ruh sayəsində dünyanın ən güclü orduları sırasında öz yerini təsdiqlədi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bu gün 8 Noyabr təkcə qələbə xatirəsi deyil, azadlıq, suverenlik və milli qürur ideyasının əbədi simvoludur. Zəfərin beş illiyi Azərbaycanın yeni mərhələyə - tam suveren, güclü və qürurlu dövlət mərhələsinə keçidinin rəmzidir. Azərbaycan xalqı üçün bu gün bir anddır: keçmişin ağrılarını unutmadan Cənubi Qafqazda dayanıqlı sülh və əmin-amanlığa və faydalı əməkdaşlığa köklənməklə gələcəyin inkişafına, bölgənin dirçəlişinə doğru irəliləmək andı. Beləliklə, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsi, milli iradənin, dövlətin və xalqın birliyinin rəmzidir. Bu zəfər təkcə işğaldan azad edilən torpaqların deyil, həm də milli ləyaqətimizin, kimliyimizin və gələcəyimizin qələbəsidir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31