AZ

Rənglərdə danışan eksponatlar: tarixdən bu günə suveren Azərbaycanın hekayəsi

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rənglərdə danışan eksponatlar: tarixdən bu günə suveren Azərbaycanın hekayəsi” adlı tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi dövlət müstəqilliyimizin qorunmasında və inkişafında Konstitusiyanın mühüm rolundan danışıb. O, həmçinin şöbənin həyata keçirdiyi “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsindən bəhs edib. Bildirib ki, layihə çərçivəsində məktəblilər Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında 24 rəsm əsəri ərsəyə gətiriblər. Bu rəsmlər muzeyin Silahlar və bayraqlar fondu, Numizmatika fondu və Arxeologiya fondunun materialları əsasında çəkilib.

Fəridə Şəmsi, həmçinin vurğulayıb ki, layihədə sağlamlıq imkanları məhdud uşaqlar fəal iştirak ediblər və onların yaradıcılıq nümunələri dövlətçilik mövzusuna özünəməxsus baxışı əks etdirir. Layihənin budəfəki buraxılışı Azərbaycan dövlətçiliyinə həsr olunmuş rəsmlərin nümayişi ilə fərqlənir və bu sərgi vasitəsilə uşaqların dövlət rəmzlərimizə, tariximizə və suverenliyimizə yaradıcı baxışı əks olunur. Bu layihə çərçivəsində çəkilmiş rəsm əsərləri 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanıb.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova çıxış edərək, muzey fondlarında saxlanılan və Azərbaycanın dövlətçilik tarixinə aid olan nadir eksponatlar haqqında məlumat verib.

Bakı Dövlət Universitetinin Mənbəşünaslıq və tarixşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Arzu Xəlilzadə isə çıxışında Azərbaycanın suverenlik tarixinin əsas mərhələlərindən və Konstitusiyanın dövlət idarəetməsindəki əhəmiyyətindən bəhs edib.

Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tədbirin maarifləndirici və vətənpərvərlik ruhunu yüksək qiymətləndirib, gənclərdə milli kimlik və dövlətçilik dəyərlərinin aşılanmasının vacibliyini vurğulayıb.

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Aynurə Məlikova çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlət atributlarına hörmətin aşılanmasının önəmini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsi Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Nigar Əhmədli tərəfindən təşkil olunub.

Sonda iştirakçılara sertifikat və təşəkkürnamələr verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
azertag.az

1Mənbələr