AZ

8 Noyabr Zəfər Günü: Dostlara qürur, düşmənlərə mesaj olan parad- ÖZƏL

8 noyabr Zəfər Günü- Azərbaycan xalqının 30 illik ədalət axtarışının tarixi yekunu, dövlətimizin iradəsinin və milli birliyimizin ən parlaq simvoludur. Zəfər Günü olaraq qeyd edilən bu gün, sadəcə bir tarixi hadisə deyil,  xalqımızın dirçəlişi, birlik və iradə nümunəsidir. Üstəlik, bu il həmin qələbənin 5-ci ildönümünü qeyd edirik və paytaxtımızda böyük bir parad hazırlıq işləri görülür. 
Zəfərin 5-ci ildönümü paradının keçirilməsi beynəlxalq aləmə hansı mesajları verir? Bu parad Azərbaycanın gələcək təhlükəsizlik arxitekturası və regional güc balansında mövqeyini necə möhkəmləndirə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Zəfər tariximizin 5-ci ildönümü əlbəttə ki, təntənə ilə qeyd olunur. Nəzərə alsaq ki, məhz bu gün Azərbaycan bütün dünyaya öz gücünü nümayiş etdirdi, bölgədə yeni reallıqlar yaratdı, öz ərazi bütövlüyünü təmin etdi və bundan sonra beynəlxalq siyasətdə aktiv rolunu daha da gücləndirdi. Ayın 8-də keçiriləcək Zəfər paradı da bu baxımdan çox diqqətçəkici mesajlarla dolu olacaq. Belə ki, bu tədbirdə həm Pakistan, həm də qardaş Türkiyənin rəhbərləri iştirak edəcəklər. Eyni zamanda Azərbaycan ordusu ilə yanaşı, Türkiyə və Pakistanın hərbi birlikləri də parada qatılacaqlar.
Bu, dünyaya o mesajı verəcək ki, Azərbaycan, Türkiyə və Pakistan üç strateji müttəfiq, dost və qardaş ölkələrdir. Onların hər hansı birinə edilən təzyiq digərinə də yönəlmiş hesab olunacaq. Bu birlik və həmrəylik dünyaya bir mesajdır,  dostlar üçün qürur, düşmənlər üçün isə bir qorxu mənbəyi kimi qəbul olunacaq.
Türkiyə və Pakistanın bu parada qatılması həm də Güney Qafqazda sülh və sabitliyin bərqərar olunmasında bu dövlətlərin əhəmiyyətli rolunun olduğunu nümayiş etdirəcək. Azərbaycanın irəli sürdüyü ideyalar gerçəkləşəcək və Güney Qafqaz sülh və sabitlik coğrafiyasına çevriləcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
55
olaylar.az

1Mənbələr