AZ

Şuşanın görməli yerləri - Xurşidbanu Natəvanın evi, “Xan qızı” bulağı və bağı

Şuşa, 6 noyabr, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Xurşidbanu Natəvanın evi, “Xan qızı” bulağı və “Xan qızı bağı”

Azərbaycanın tarixi-mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərinə səfər edən turistlərin maraq göstərdikləri məkanlardan biri Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, görkəmli şairə Xurşidbanu Natəvana məxsus ev, “Xan qızı” bulağı və “Xan qızı bağı” olan ərazidir. Xan qızının XIX əsrə aid ikimərtəbəli evi kərpic və çaydaşlarından inşa edilib. 1930-cu illərin əvvəllərində Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlayıb. 1987-ci ildə binada əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyət göstərib. 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra bu böyük saray kompleksi böyük dağıntılara məruz qalıb, muzeydə toplanmış nadir sənət inciləri, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri talan edilib.

“Xan qızı” bulağı Xurşidbanu Natəvanın vəsaiti hesabına 1873-cü ildə suyu ətraf dağlardan gil borular vasitəsilə çəkilməklə inşa edilib. Şuşadakı digər tarixi tikililər kimi “Xan qızı” bulağı da işğal dövründə zədələnib, suyu kəsilmişdi. Şəhər işğaldan azad olunandan sonra “Xan qızı” bulağı bərpa edilib.

Keçmişdə “Xan bağı” və “Xan qızı Natəvanın bağı” kimi tanınan tut bağı 1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xan tərəfindən ipəkçiliyə təkan vermək məqsədilə salınıb. Buradakı ağacların yaşı 150 ili keçib. Tut bağı xanlıq, çar Rusiyası, eləcə də sovet dövründə gəzinti – istirahət məqsədilə istifadə olunub. 1985-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılandan sonra isə burada müntəzəm olaraq kütləvi mədəni tədbirlər və bayram konsertləri keçirilib. Şuşa şəhəri işğaldan azad olunandan sonra Üzeyir Hacıbəylinin heykəli yenidən əvvəlki yerində ucaldılıb.

“Xan qızı bağı” ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Payız fəslində isə qızılı boyalarla işlənən tablonu xatırladır. Uzaqdan görünən dağlar, yarpaqları qızılı rəngə çalan ağaclar, xəzanın sarı, qırmızı rəngləri ilə yanaşı, təzə-tər otların gözoxşayan yaşıllığı və yarpaqların, otların arasından boylanan çiçəklər görənləri valeh edir. İnsan burada sanki başqa, sirli-sehrli bir aləmə düşür.

Seçilən
9
1
azertag.az

2Mənbələr