AZ

Dost undan 5000 manata mobil telefon nömrəsi almaq istədi, aldadıldı

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Tural 5000 manata mobil telefon nömrəsi almaq istərkən dələduzluqla üzləşib.

Bizimyol.info xəbər verir ki, onu aldatmaqda ittiham olunan isə 2006-2007-ci illərdə onunla eyni hərbi hissədə xidmət etmiş Rəşaddır.

1987-ci il təvəllüdlü Rəşad 2020-ci ilə qədər mobil operatorlardan birində işləyib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib.

Zərərçəkmiş bildirib ki, 2007-ci ildə hərbi xidməti başa vurandan sonra Rəşadla heç bir münasibətləri olmayıb. Onu 2025-ci ilin fevralında “TikTok”da görüb. Bundan sonra danışıblar, hara işlədiyini soruşanda Rəşad ona mobil operatorlardan birinin bölgə müdiri vəzifəsində çalışdığını bildirib:

“Ona almaq istədiyim nömrələri dedim. Bildirdi ki, həmin nömrələr 5000 manata satılır. Soruşdum ki, ucuz almaq olar? Dedi ki, müdiri var, Fuad, ondan soruşub deyəcək. Axşam zəng eləyib dedi ki, danışıb, 1400 manat aşağı qiymətə - 3600 manata ala bilər. Dedim ki, razıyam, almaq istəyirəm. Bildirdi ki, nömrəni satışdan çıxarmaq üçün 1600 manat lazımdır, qalanı sonra verilər. Dedim ki, bu dəqiqə o qədər pulum yoxdur, 1000 manat göndərə bilərəm. Razılaşdı, 1000 manat kartına göndərdim. Az sonra zəng eləyib dedi ki, bu, kifayət deyil, 600 də göndərmək lazımdır. Dedim ki, 100 manat göndərə bilərəm. Onu da göndərdim”.

Zərərçəkmişin sözlərinə görə, Rəşad sonra müxtəlif bəhanələr gətirib. Ondan nömrəni götürmək üçün şəhərə gəlməsini istəyib. Lakin gələndə deyib ki, şənbə günü olduğuna görə bu gün alınmadı. Sonradan aldadıldığını başa düşəndə isə Tural Rəşaddan 1100 manatını geri istəyib. Bundan sonra Rəşad gah zənglərə cavab verməyib, gah da onu aldadıb. Bir müddət gözləyəndən sonra isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib və Rəşaddan şikayətçi olub.

Rəşadın barəsində cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

O, özünü təqsirli bilib. II Qarabağ müharibəsində könüllü iştirak etdiyini, başından və ayağından yaralandığını, III qrup əlil olduğunu deyən Rəşadın sözlərinə görə, şirkətlə telefon nömrəsini almaq barədə danışmışdı. Lakin həmin gün şənbə olduğundan satış baş tutmayıb, məsələnin həlli bazar ertəsinə qalıb. Sonra Tural ondan pulunu istəyəndə isə qaytara bilməyib. Çünki özünün pula ehtiyacı olduğuna görə onun verdiyi pulu xərcləmişdi. Bundan sonra da Tural polisə şikayət edib.

Məhkəmədə Tural ondan şikayətçi olmayıb. Deyib ki, dəymiş ziyan ödənilib, barışıblar.

O da məlum olub ki, Rəşad bundan əvvəl Cinayət Məcəlləsinin 29.186 (özgənin əmlakını qəsdən zədələmə və ya məhv etməyə cəhd) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə məhkum edilib. Xəzər Rayon Məhkəməsi onun Qarabağ əlili olmasını, himayəsində iki azyaşlı uşağı və s. halları nəzərə alaraq, ona 3 il 6 ay şərti cəza verib. Lakin bu cəza başa çatmamış o, yenidən dələduzluq edib. Bu ittihamla isə ona 8 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
bizimyol.info

1Mənbələr