AZ

İncəsənətin Tərəqqisinə Dəstək: yeni nəfəs, yeni missiya ŞƏRH

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yeni mərhələ başlayıb. İşğaldan azad olunmuş torpaqlarımızda milli dirçəliş, mədəni və ictimai həyatın bərpası vacib vəzifəyə çevrilib. Bu sahədə mədəniyyət və incəsənət önəmli rol oynayır. “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi olaraq biz də bu prosesdə fəal iştirak etməyə çalışacağıq.

İncəsənət cəmiyyətin ruhunun güzgüsüdür, tariximizin, mədəniyyətimizin və dəyərlərimizin yaşadılması üçün vacib vasitədir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək tədbirlər, konsertlər və müxtəlif incəsənət layihələri ilə biz burada yeni həyatın təməlini qoymaq niyyətindəyik. Bu bölgələrdə yaşayan sakinlərə, xüsusilə də gənc nəsilə, öz tarixi-mədəniyyətlərinə bağlılıq hissi aşılamaq çox önəmlidir.

Hal-hazırda Şuşa, Laçın, Ağdam və digər azad olunmuş ərazilərdə “İncəsənətin Tərəqqisinə Dəstək” olaraq hələ konkret tədbirlər keçirməmişik. Lakin gələcək planlarımızda bu istiqamətdə ciddi layihələr həyata keçirmək var. Biz musiqi festivalları, teatr tamaşaları, sərgilər və digər mədəni fəaliyyətlərlə bölgədə ruh yüksəkliyi yaratmaq istəyirik. Eyni zamanda, istedadlı sənətkarlarımızı və gənc musiqiçiləri bu layihələrə cəlb etməklə onların inkişafına dəstək olmaq niyyətindəyik.

Bu kimi tədbirlər işğaldan azad olunmuş torpaqlarımızda milli ruhun bərpası üçün vacibdir. Onlar həm tarixi yaddaşımızı canlandıracaq, həm də gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə zəmin yaradacaqdır. İncəsənətin dili millətlər arasında sülh və dostluq körpüləri qurmağa da xidmət edir. Buna görə də biz bu sahədə həm dövlət strukturları, həm də digər QHT-lərlə əməkdaşlıq etməyə hazırıq.

Müasir dünyada ictimai-siyasi proseslər və mədəni inkişaf sıx bağlıdır. Biz inanırıq ki, sağlam cəmiyyət yalnız inkişaf etmiş mədəniyyət və incəsənət sayəsində formalaşa bilər. Bu baxımdan, “İncəsənətin Tərəqqisinə Dəstək” olaraq öz missiyamızı Azərbaycan xalqının milli birliyi, mədəni zənginliyi və ictimai-siyasi maarifləndirmə ilə uzlaşdırırıq.

Gələcəkdə həyata keçirməyi planlaşdırdığımız layihələrdən biri də işğaldan azad edilmiş ərazilərdə yerləşən məktəblərdə və mədəniyyət müəssisələrində incəsənət dərnəklərinin yaradılmasıdır. Bu, gənclərimizi yaradıcı fəaliyyətə cəlb etməklə onların həm mənəvi, həm də intellektual inkişafına xidmət edəcəkdir. Həmçinin, regionun bərpasına sənət vasitəsilə töhfə vermək üçün xeyriyyə və sosial layihələr də düşünürük.

Mədəniyyət təşkilatı olaraq, fəaliyyətimizi ölkəmizdə mədəniyyət və incəsənət sahəsində aparılan genişmiqyaslı dövlət siyasətinə və strateji vizyona uyğun qurmağa çalışırıq. Bu istiqamətdə xüsusilə Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın milli-mədəni irsin qorunması, beynəlxalq səviyyədə tanıdılması, musiqi, teatr, rəssamlıq və digər incəsənət sahələrinin inkişafı naminə atdığı uğurlu addımlar bizim üçün həm ilham mənbəyidir, həm də örnəkdir.

Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq musiqi festivalları, restavrasiya olunmuş mədəniyyət abidələri və ölkəmizin mədəni irsinin dünyaya tanıdılması istiqamətində atılan hər bir addım cəmiyyətin incəsənətə olan baxışını dəyişmiş, bu sahənin strateji önəmini bir daha ortaya qoymuşdur.

“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi olaraq biz də çalışırıq ki, bu ali məqsədə öz töhfəmizi verək , istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də respublikanın digər bölgələrində, sənətin gücü ilə cəmiyyətə ruh, mədəni dəyərlərə bağlılıq və yaradıcılıq aşılayan layihələr həyata keçirək.

Turanə Orucova.

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin Rəhbəri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
sesqazeti.az

1Mənbələr