AZ

“Prezident Azərbaycan elminin qarşısında ciddi tələblər qoydu“ - ŞƏRH OLUNDU

“Cənab Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə etdiyi çıxış əhəmiyyətinə görə proqram xarakterlidir. Eyni zamanda AMEA və Azərbaycan elminin qarşısında duran vəzifələri müəyyənləşdirmək üçün çox mühüm çıxışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, artıq V sənaye inqilabı dövründə yaşayırıq və dünyanın sürətlə artan texnologiyaya yiyələnmək, onlarla ayaqlaşmaq, müəyyən hallarda isə daha önə keçmək üçün cənab Prezident Azərbaycan elminin qarşısında ciddi tələblər qoydu: “Bununla yanaşı dövlət başçısının çıxışında çox ciddi vurğulanan məsələ Azərbaycanın milli kimliyi məsələsidir. Milli kimliyi müəyyən edən əsas faktorlar bizim tariximiz, dilimiz, dinimiz və mədəniyyətimizdir. Cənab Prezident məhz bu məsələnin də çox ciddi məqamlarına toxundu. Xüsusilə Azərbaycan dilinin inkişafı, qorunub saxlanması və dilimizin dərinliklərinin gələcək nəslə öyrədilməsi üçün şərait yaradılmasını, tədqiqat aparılmasını, elmi-bədii əsərlər yazılmasının vacibliyini vurğuladı.

Ölkə rəhbərinin elm adamlarının qarşısında qoyduğu üçüncü çox ciddi məsələ isə tariximizlə bağlıdır. Xüsusilə Azərbaycan dövlətinin coğrafiyasının hüdudlarında yaşayan azərbaycanlılarla bağlıdır. Bəlkə də Azərbaycan dünyada yeganə dövlətdir ki, özü öz keçmiş torpaqları ilə həmsərhəddir. Həmçinin ölkəmiz dünyada yeganə dövlətdir ki, onun sərhədlərinin hüdudlarında da Azərbaycan xalqı yaşayır. Bu mənada Dağıstan, Gürcüstan, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla elmi, mədəni, tarixi əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün elm adamlarının görəcəyi işləri də dövlət başçısı çıxışı zamanı vurğuladı.

Cənab Prezident İlham Əliyevin çıxışı zamanı toxunduğu və böyük aktuallıq kəsb edən məsələ isə Qərbi Azərbaycan məsələsi idi. Dövlət başçısı bir daha vurğuladı ki, Qərbi Azərbaycan azərbaycanlıların dədə-baba yurdu, torpağıdır və biz oraya qayıtmalı, məskunlaşmalıyıq, o torpaqlarda yaşamaq bizim tarixi haqqımızdır. Həmçinin ölkə rəhbəri qeyd etdi ki, Ermənistanda yaşayan əhali azərbaycanlıların oraya dönüşündən qorxmamalıdırlar. Çünki azərbaycanlılar dünyada yaşadıqları hər bir yerə birlik, həmrəylik gətirən xalqdır. Bu mənada Ermənistan ictimaiyyəti də azərbaycanlıların oraya qayıtmasından qorxmamalıdırlar. Eyni zamanda dövlət rəhbərinin çıxışında bizim toponimlərimiz, xüsusilə Azərbaycanın hüdudlarından kənardakı toponimlərin qorunması, tədqiq edilməsi ilə bağlı da ciddi tövsiyyələr verdi. Bütövlükdə Azərbaycan elminin inkişafı Azərbaycan cəmiyyətinin inkişafı deməkdir. Bu inkişaf da insan kapitalına yönəlik fəaliyyətdir. Azərbaycan dövləti də insan kapitalına hər zaman sərmayə ayırır”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
15
sia.az

1Mənbələr