AZ

Batumidə yaşayan azərbaycanlılar Zəfər Gününə xüsusi hazırlaşıblar

Tbilisi, 6 noyabr, AZƏRTAC

Batumidə yaşayan azərbaycanlılar 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlərə hazırlaşırlar.

Bu barədə AZƏRTAC-a müsahibəsində Batumidəki Azərbaycan diasporunun rəhbəri Rövşən Namazov bildirib. Onun sözlərinə görə, Acarıstan bölgəsində yaşayan soydaşlarımız bu günü xüsusi coşqu, sevinc və ehtiramla qeyd edəcəklər: “Zəfər Günü bütün dünya azərbaycanlıları kimi Batumidə yaşayan azərbaycanlılar üçün də qürur və birlik günüdür. Biz şəhidlərimizin ruhunu yad edəcək, dövlətimizə dəstək mesajları verəcəyik. Uşaqlar, gənclər və diaspor nümayəndələrinin iştirakı ilə tədbirlərə hazırlaşırıq”.

R.Namazov bildirib ki, hazırda Batumidə Azərbaycan icmasının fəaliyyəti daha da genişlənib, mədəni və təhsil layihələri həyata keçirilir. “Batumidə mədəniyyətimizi, ana dilimizi, adət-ənənələrimizi yaşatmaq üçün müxtəlif layihələr həyata keçiririk. Burada yaşayan soydaşlarımızın birliyi və fəallığı hər il artır. Məqsədimiz həm Gürcüstan cəmiyyətinə inteqrasiya etmək, həm də milli kimliyimizi qorumaqdır”, - deyə o vurğulayıb.

Diaspor rəhbəri, həmçinin qeyd edib ki, Batumidə yaşayan azərbaycanlılar Gürcüstan-Azərbaycan dostluğuna töhfə verən layihələrdə fəal iştirak edirlər. Onun sözlərinə görə, azərbaycanlılar Gürcüstanın, xüsusən də Acarıstan Muxtar Respublikasının ictimai-sosial həyatında fəal rol oynayırlar: “Hazırda Batumidə çoxlu sayda azərbaycanlı iş adamı, həkim, müəllim və müxtəlif peşə sahibləri yaşayır və fəaliyyət göstərirlər. Yerli icma nümayəndələri Gürcüstan cəmiyyətinə uğurla inteqrasiya olunub və yerli əhalinin onlara qarşı böyük hörmət və etimadı var. İki ölkə arasındakı strateji tərəfdaşlıq bizim fəaliyyətimizə də motivasiya verir. Biz burada hər zaman Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq”.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
14
azertag.az

1Mənbələr