"Soyuq müharibə başa çatdıqdan 30 ildən çox vaxt keçməsinə baxmayaraq, nüvə silahının tətbiqi riski bu gün də çox yüksək olaraq qalır".
Hit.az xəbər verir ki, “Forbes” nəşrinin yazdığına görə, geofizik və 200-dən artıq elmi məqalənin müəllifi Skott L. Montqomerinin fikrincə, bu təhlükə tamamilə realdır.
Müəllif nüvə təhlükəsizliyi üzrə ekspertlərlə danışdığını və onların insanların artıq nüvə silahı təhlükəsini kifayət qədər ciddi qəbul etmədiyini vurğulayıb. Montqomerinin sözlərinə görə, hazırda nüvə silahlarına nəzarət sistemi və milli arsenal üzərindəki nəzarət mexanizmləri demək olar ki, çökmüş vəziyyətdədir.
O xatırladıb ki, 1980-ci illərdə ABŞ və SSRİ birlikdə 70 minə yaxın nüvə başlığına malik idi. Onların tərkibinə partlayış gücü 100 kilotondan 100 meqatona qədər dəyişən strateji silahlar və 1–50 kiloton gücündə taktiki nüvə başlıqları daxil idi. Müqayisə üçün, ABŞ-ın Xirosimaya atdığı “Uşaq” adlı bomba təxminən 15 kiloton gücündə idi.
SSRİ dağıldıqdan sonra, 1991-ci ildə ABŞ prezidenti Corc Buş (ata) Avropada yerləşən taktiki nüvə silahlarının demək olar ki, hamısının ləğvini elan etmişdi. Sovet lideri Mixail Qorbaçov bu addıma qarşılıqlı şəkildə cavab vermişdi.
Montqomeri bildirib ki, Vladimir Putin hakimiyyətə gəldikdən sonra “modernləşmə proqramı” çərçivəsində Rusiya taktiki nüvə silahlarının sayını 2000-ə qədər artırıb. Bu, ABŞ-da hazırda mövcud olan saydan təxminən on dəfə çoxdur. Ekspertin fikrincə, bəzi dünya liderləri Rusiyada nüvə silahının tətbiqi həddinin kifayət qədər aşağı olduğunu düşünürlər və bu silahların adi hərbi planlara inteqrasiya edilə biləcəyi ehtimalını istisna etmirlər.
Nüvə müharibəsi ehtimalı
Montqomeri xatırladıb ki, 2023-cü ilin martında Vladimir Putin Çin lideri Si Szinpinlə Ukraynada nüvə silahının istifadəsi məsələsini müzakirə edib. ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Çin lideri bu ideyanı qəti şəkildə rədd etmişdi. Blinken həmçinin etiraf edib ki, ABŞ Rusiyanın nüvə silahından istifadə riskini çox ciddi qəbul edirdi. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu ehtimalın 50 faizə qədər artdığını bildirmişdi.
Montqomeri qeyd edib ki, Rusiya Ukraynaya genişmiqyaslı hücumun başlanmasından sonra əvvəlcə Çernobıl AES-i ələ keçirib, ardınca isə Zaporojye Atom Elektrik Stansiyasına nəzarəti təmin edib. Bu prosesdə stansiya binalarına dron zərbələri endirilib, infrastruktur zədələnib və obyekt hərbi əməliyyatlar üçün baza kimi istifadə olunub.
Ekspertin fikrincə, nüvə çəkindirmə mexanizmi indi əvvəlkindən daha zəifdir və nüvə müharibəsi ideyası artıq “xəyal” kimi görünmür.
O, həmçinin ehtimal edir ki, əgər nüvə müharibəsi başlasa, ilk zərbə çox güman ki, Rusiya tərəfindən endiriləcək. Bu, birbaşa nüvə hücumu deyil, Ukrayna ərazisində nüvə obyektində süni fəlakət törətmək formasında da ola bilər.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin yaxınlarda hərbi və mülki strukturlara nüvə silahı sınaqlarına hazırlıq tapşırığı verib. O, ABŞ prezidenti Donald Trampın Amerika nüvə sınaqları ilə bağlı bəyanatını “ciddi məsələ” adlandırıb. Putin bildirib ki, Rusiya “Nüvə silahlarının hərtərəfli qadağan olunması haqqında müqavilə” üzrə öhdəliklərinə sadiq qalır, lakin digər tərəflər onu pozarsa, cavab addımları atacaq.
Samir