Bakı, 6 noyabr, AZƏRTAC
Ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarların dəstəklənməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu addımlar qeyri-neft sənayesinin inkişafına, iri şəhərlərdə, eləcə də bölgələrdə yeni istehsal və emal müəssisələrinin, iş yerlərinin yaradılmasına stimul verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Anar Axundov noyabrın 6-da Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bununla yanaşı, qarşıda ölkəmizin davamlı inkişafı üçün önəmli çağırışlar var. 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin edilməklə, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1 faiz olacağı gözlənilir ki, bu da Strategiya ilə müəyyələşdirilmiş hədəfdən yüksəkdir.