AZ

Bəhruz Quliyev: Zəfər günü – 30 illik ədalət mübarizəsinin parlaq təntənəsi! – ÖZƏL

"8 noyabr - Zəfər Günü, Azərbaycan xalqının 30 illik ədalət mübarizəsinin, milli iradə və birliyinin parlaq təntənəsidir. Bu gün yalnız bir qələbənin xatırlanması deyil, həm də dövlətimizin tarixi ədaləti bərpa etməsinin, milli kimliyimizin və suverenliyimizin tam təcəssümüdür. 2020-ci ilin bu günü Azərbaycan xalqı öz taleyinə sahib çıxdı, BMT-nin dörd qətnaməsini öz gücü ilə icra etdi və beynəlxalq hüququn real mühafizəçisi olduğunu sübut etdi." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Baş redaktor qeyd edib ki, Zəfərdən sonra Azərbaycanın beynəlxalq arenadakı mövqeyi köklü şəkildə dəyişdi. Qalib dövlət statusu ölkəmizin siyasi çəkisini və diplomatik nüfuzunu yeni mərhələyə qaldırdı. Bu gün Azərbaycan regionda prosesləri yönləndirən, əməkdaşlıq platformaları yaradan və sülh təşəbbüsləri irəli sürən aparıcı gücdür. "Zəngəzur dəhlizi", "Yaşıl enerji xəritəsi", "Orta Dəhliz" kimi təşəbbüslər təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın liderlik missiyasını təsdiqləyir.

Siyasi ekspert bildirib ki, qalib Azərbaycanın diplomatiyası artıq "tələbedici" deyil, "təyinedici" xarakter daşıyır. Qardaş Türkiyə ilə strateji müttəfiqlik, Mərkəzi Asiya dövlətləri ilə sıx inteqrasiya, Avropa və Asiya arasında enerji körpüsü rolu, bunlar hamısı Zəfərin yaratdığı yeni reallığın nəticəsidir.

"Bu il keçiriləcək Zəfərin 5-ci ildönümü paradı isə təkcə hərbi qüdrətin nümayişi deyil, həm də beynəlxalq aləmə ünvanlanan siyasi mesajdır. Azərbaycan göstərir ki, regionda sülhün və sabitliyin əsas təminatçısıdır. Bu parad bir tərəfdən xalqın milli qürurunun ifadəsidirsə, digər tərəfdən dünyaya mesajdır. Bəli, Azərbaycan sülh istəyir, amma güclü ordusu və möhkəm dövlət iradəsi ilə öz təhlükəsizliyini təmin etməyə də qadirdir. Bu gün Azərbaycanın təhlükəsizlik arxitekturası artıq təkcə hərbi amillər üzərində deyil, diplomatik balans, iqtisadi güc və beynəlxalq etimad üzərində qurulub. Parad həm də bu gücün, müstəqil siyasətin və sabit liderliyin təsdiqidir.
Zəfərin beşinci ildönümü  keçmişin qüruruna, bu günün əzəmətinə və gələcəyin inamına körpüdür. Azərbaycan bu körpüdən qürurla, əmin addımlarla keçir, " - deyə siyasi ekspert əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr