AZ

Kommunikasiyaların açılması bölgədə münasibətləri dəyişdirirmi?- ÖZƏL

Prezident İlham Əliyevin bəyanatına uyğun olaraq, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmisi Bəxtiyar Hacıyev bildirib ki:1048 ton taxıl yüklü 15 vaqon Azərbaycandan (Böyük Kəsik stansiyası vasitəsilə) tranzitlə Gürcüstan üzərindən Ermənistana göndərilib. Min tona yaxın taxıl yüklü 15 vaqon da Azərbaycana daxil olub və Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə Ermənistana yola salınacaq.
Bu, Azərbaycanın regionda kommunikasiyaların açılması istiqamətində atdığı praktiki addımdır.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Təbii ki, Azərbaycan tərəfi hələ Qarabağ işğal olunandan sonra, eləcə də Vətən müharibəsindən sonra, torpaqlarımız işğaldan azad edildikdən sonra dediyi və əməldə də sübut etdiyi xoş niyyətindən çıxış etməyə davam edir. Məhz Ermənistana yüklərin daşınmasına icazə verilməsi də bunun növbəti göstəricisi oldu. İndi gərək Ermənistan tərəfi bu humanist addımları əvvəl dəyərləndirmirdisə, bundan sonra  dəyərləndirsin və bu da həm dövlətlərarası münasibətlərin yaxşılaşmasına öz faydasını versin, həm də regional sülhün, regional kommunikasiyaların açılmasının iqtisadi faydalılıq baxımından növbəti üstünlükləri ilə region həyatına yenilik gətirsin. Bu baxımdan, bu addımın Ermənistan üçün iqtisadi əlaqələrə qoşulmaq nöqteyi-nəzərindən əhəmiyyəti böyükdür. Bildiyimiz kimi, Qarabağın işğalı Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən sərhədlərin bağlanılması reallığı ilə üzləşməsi demək idi. Bu reallıqda Ermənistan bir növ blokadaya düşmüş oldu. Çünki onun xarici siyasət və iqtisadi əlaqələr baxımından ən effektiv sayılacağı iki sərhəd - Azərbaycan və Türkiyə sərhədləri eyni anda bağlandı. İran sərhədinin isə faktiki olaraq bu ölkənin Qərb tərəfindən sanksiyalara məruz qalması, eləcə də İranın daha qapalı ölkə olması və dünya iqtisadiyyatına qoşulmaq prosesini ləngitməsi baxımından Ermənistana ciddi fayda gətirmirdi və ya bu, çox az idi. Gürcüstan sərhədi ilə Ermənistan kommunikasiyalara qoşula bilir, iqtisadi əlaqələrini davam etdirə bilirdi, amma bu da yenə dediyimiz kimi Azərbaycan-Türkiyə sərhədlərinin bağlı olması fonunda ölkənin bütün ehtiyaclarını qarşılamaq üçün kifayət etmirdi. İndi isə bu kommunikasiyaların açılması və gələcəkdə ümidlər doğrularsa, Ermənistan tərəfindən Türkiyə sərhətlərinin də açılması ilə ölkə iqtisadi baxımdan yeni fürsətlər, marşrutlar qazana bilər. Bu, onu həm Avropa bazarlarına, həm də Asiya bazarlarına çıxış baxımından asanlaşdırar. Bu da təbii ki, inkişafdan xəbər verən bir haldır.
Azərbaycanın qərarının regiondakı sülh müqaviləsi prosesinə və etimad mühitinə təsirinə gəlincə, Azərbaycan əvvəl olduğu kimi xoş məramını bir daha göstərmiş oldu. Etimad mühitinin formalaşması dediyimiz əsas amillərdən biri də məhz bu addımların atılmasıdır. Bu əməli addım onu deməyə əsas verir ki, Azərbaycan həqiqətən də Ermənistan kimi sözdə yox, fakt olaraq, yəni əməldə prosesin yaxşılaşdırılması istiqamətində addımlar atır və bunun faydasını biz gələcəkdə görəcəyik. Əgər bu proseslər davamlı olarsa, artıq Azərbaycan tərəfinin etdiyi kimi Ermənistan tərəfi də öz xarici siyasətində və əməli addımlarında xoş niyyətini göstərərsə, regionda sülh quruculuğu istiqamətində proses tam şəkildə tamamlanmış ola bilər. Sülh paraflandıqdan sonra yeni ümidlər doğmuşdusa, iqtisadi əlaqələr və digər məsələlərdə etimad mühitinin formalaşması istiqamətində növbəti addımlar atıla bilər. Və artıq konkret sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi də bu ölkə tərəfindən müsbət qarşılanarsa və bu istiqamətdə addım atılarsa, onda sülhün, sənədə çevrilməsi, dövlətlərarası məsələlərin hüquqi şəkildə həll olunması mümkün olar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
olaylar.az

1Mənbələr