AZ

Saxta sertifikat işinə görə nazirliyin sabiq əməkdaşlarınaittiham elan olundu




Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova, həmin nazirliyin İctimai səhiyyə və islahatlar mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova,nazirliyin böyük inspektoru Ruhiyyə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Medicina.az xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkilləri vəsatət verərək, media nümayəndələrinin prosesdə iştirakına etiraz ediblər.

Məhkəmə qısamüddətli müşavirədən sonra vəsatəti təmin etməyib.

Təqsirləndirilən Ruhiyyə Məhərrəmovanın vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlə çıxış etsə də, məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Növbəti proses dekabrın 4-nə təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumatda əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Baş Prokurorluq və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Nurəddin qızı Rüstəmovanın qabaqcadan əlbir olduğu əvvəllər həmin nazirliyin İctimai səhiyyə və islahatlar mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Kərim qızı Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çox sayda şəxsdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvətalma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

MEDİCİNA.AZ

Seçilən
9
2
medicina.az

6Mənbələr