AZ

"Azərbaycana hansı sahədən baxsaq, böyük uğurlar var" - Vüqar Rəhimzadə

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalçı hərbi qüvvələri üzərində əldə etdiyi qələbədən 5 il ötür. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum və noyabrın 8-nə qədər davam edən Azərbaycanın Vətən uğrunda savaşı Şuşa şəhərinin azad olunması ilə “Zəfər Günü” kimi tarixə yazıldı.

Azərbaycanın 44 gün ərzində əldə etdiyi qələbə bütün istiqamətlərdə təhlil olunur. Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Vüqar Rəhimzadədir.

– 8 Noyabr – Zəfər Günü Azərbaycan Dövləti və xalqı üçün hansı əhəmiyyətə malikdir?

– Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qazandığımız şanlı Qələbədən 5 il ötür. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi tarix – noyabrın 8-i Zəfər Günü kimi təsis edildi. Otuzillik torpaq həsrətinə, işğala son qoyan, ərazi bütövlüyümüzün təmin olunması ilə qalib ölkə kimi təqdimatımızda əhəmiyyətli rol oynayan bu tarix xalqımızın qüdrətinin, milli qürurumuzun təntənəsidir.

Beş ildir ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycanın artan beynəlxalq nüfuzu, qlobal geosiyasi gücü, beynəlxalq proseslərə təsir imkanları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir. Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi nüfuz qazanıb.

– Son 5 ilin əsas hədəfləri nədir?

– Son 5 ilin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın Böyük Qayıdış Proqramı çərçivəsində öz doğma yurd-yuvalarına qayıdışlarının gerçəkləşdirilməsi idi – belə ki, 6 şəhər, 2 qəsəbə və 20 kənd öz sakinlərinə qovuşub. Son 5 ildə işğaldan azad edilmiş ərazilərdə 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidənqurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji zonası” elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

– Prezident İlham Əliyev noyabrın 3-də Milli Elmlər Akademiyasında çıxışı zamanı hansı tarixi reallığı dilə gətirdi və hansı mesajları verdi?

– Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı vacib məqamlara diqqəti yönəltdi. Akademiyanın 80 il ərzində böyük yol keçdiyini, Azərbaycanda elmin inkişafında aparıcı rol oynadığını önə çəkən Prezident İlham Əliyev vurğuladı ki, bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Dövlətimizin başçısı bu məqamı da yığıncaq iştirakçılarına xatırlatdı ki, 10 il bundan əvvəl – Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim. Son 10 ildə həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş verdi. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir.

Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir.

Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Biz bu torpaqlarda qurub-yaradırıq. Prezident İlham Əliyev onu da qeyd etdi ki, texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür.

– Vətən müharibəsində qazanılmış Zəfərin hərbi və siyasi ölçüsü, eləcə də mənəvi yükü nədir?

– Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycana hansı sahədən baxsaq, böyük uğurların şahidi olarıq. Dayanıqlı iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması, ordu quruculuğu sahəsində mühüm addımların atılması, iqtisadi müstəqilliyin möhkəmlənməsi fonunda Azərbaycanın beynəlxalq rolunun artması diqqətdən kənarda qala bilməz. Ötən ilin dekabrında Azərbaycanın “D-8” təşkilatına üzv qəbul olunmasını da qeyd etməliyik. Bu, Azərbaycanın növbəti uğuru kimi tarixə yazıldı. Bu gün Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründəkindən də daha güclü, qüdrətlidir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bunun bariz nümunəsidir. Bir sözlə, uğurlarımızı sadalamaqla bitməz. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın 5 illik Zəfər yolunun, eyni zamanda, milli Konstitusiyamızın qəbulundan ötən 30 ilin reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hər bir uğur, Zəfər növbəti hədəflərin, çağırışların başlanğıcıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq.

– Ölkəmizin işğaldan azad edilmiş bölgələri öz həyatının hansı mərhələsini yaşayır?

– Son beş ilin əsas hədəflərindən biri, təbii ki, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icra olunur, yeni yollar salınır, istehsal müəssisələri yaradılır, soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər görülür, mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda bura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

– Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün aparılan sülh danışıqlarını necə dəyərləndirirsiniz?

– Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsi və bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, separatçılığa son qoyması nəticəsində regionda tamamilə yeni reallıq yaranıb. Yeni siyasi reallığın müəllifi Azərbaycandır. Bu reallıq regionda sülh və sabitliyin, habelə qarşılıqlı əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir. Azərbaycan bu istiqamətdə daim konstruktiv mövqe ortaya qoyur.

Bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Zirvə görüşü sülh prosesində tarixi bir addım oldu. Bu Sammit nəticəsində tərəflər arasında mühüm sənədlər imzalandı. Vaşinqton Sammitinin ən mühüm nəticəsi kimi “Sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında” ikitərəfli Saziş mətninin tam razılaşdırılması və xarici işlər nazirləri səviyyəsində paraflanması qeyd oluna bilər. Vaşinqton görüşündə, həmçinin Zəngəzur dəhlizinin açılmasının, Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunmasının əhəmiyyəti bir daha təsdiq edildi. Vaşinqtonda əldə edilən razılaşmalar Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımdır. Regionda sülh gündəliyinin irəli aparılması istiqamətində atılan addımlar, müşahidə olunan müsbət dinamika bölgəmizdə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir.

– Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq müstəvidə tutduğu yeri və qurulan yeni əməkdaşlıq əlaqələrini necə şərh etmək olar və perspektivlər nədir?

– Dövlət başçısı İlham Əliyev istər 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimindəki, istərsə də yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında qarşıya qoyulan yeni hədəfləri açıqlayan zaman xarici siyasətin uğurlarından geniş bəhs edərək bildirdi ki, yeni dövrdə bu istiqamətdə yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq. Müasir dövrdə Azərbaycan Cənubi Qafqazın əsas söz sahibi kimi mürəkkəb geosiyasi şəraitdə müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirir. Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlər qurması bu siyasətin mühüm nəticələrindən biridir.

Bu gün ölkəmizin möhkəmlənən mövqeyi göz qabağındadır. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün bərpası, tam Qələbəmiz Azərbaycanın bütün sahələrdə davamlı uğurlarına stimul oldu. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək hazırkı dövrün reallıqlarında özünün aydın ifadəsini tapır.

Seçilən
2
4
hafta.az

8Mənbələr