ain.az, Olke.az portalına istinadən məlumat verir.
Son günlərdə Qazaxıstan qanunsuz lotereya keçirən vətəndaşlarının siyahısını dərc edib. Qanunu pozanlar arasında məşhur blogerlər və sənətçilərin də olması diqqət çəkib. Lotereya keçirən şəxslər dövlət tərəfindən cərimələnib.
Daha əvvəl isə Türkiyədə tanınmış müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Ərbilin qanunsuz mərc oyunlarını reklam etməsi barədə araşdırma aparılmışdı.
Azərbaycanda da tanınmış şəxslərin, o cümlədən blogerlərin qanunsuz mərc oyunlarını reklam etməsi, həmçinin lotereya təşkil etməsi hallarına rast gəlinir.
Belə olan halda “ölkəmizdə də məşhurlar və blogerlərə qarşı əməliyyat keçirilə bilərmi?” sualı meydana çıxır.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan texnobloger Fərid Pərdəşünas bənzər halların Azərbaycanda da yaşandığını söyləyib. Onun sözlərinə görə, lotereya keçirmək istəyən şəxslər şəffaflıq üçün lisenziya almalıdır:

“Əslində, qanunsuz mərc oyunları, qumar platformalarının reklamı, eyni zamanda influenser və blogerlərin lotereya keçirməsi Azərbaycanda da görülən haldır. Yəni bu tip influenserlər çoxdur və Azərbaycan qanunvericiliyi də hər iki fəaliyyət növünü qadağan edir. Əgər influenserlər bir lotereya keçirirsə, bu, müəyyən lisenziya və qaydalar əsasında baş tutmalıdır. Yəni, istifadəçidən pul aldım, onu lotereyada iştirak etdirdim, maşın verdim, ev verdim deməklə olmaz. Burada şəffaflığın təmin olunması üçün müvafiq orqanlardan müəyyən lisenziya kodu alınmalıdır. Amma biz görürük ki, Azərbaycanda kim necə istəsə, lotereya təşkil edir və bəziləri heç şəffaflığı da təmin etmir. Sadəcə, izləyici yığandan sonra onlar həmin lotereyanı öz tanışlarına verirlər, yaxud yenidən feyk profillərə verib özləri götürürlər. Yəni bu tipli hallar var.
Eyni zamanda, qanunsuz mərc, onlayn platformaların reklamını həyata keçirən müğənnilər, blogerlər, hətta idmançılar var. Azərbaycanda müəyyən dövrlərdə onlara qarşı mübarizə tədbirləri həyata keçirilib. Bu məsələ İnzibati Xətalar Məcəlləsi vasitəsilə tənzimlənir və müəyyən məbləğdə cərimə olunublar. Sonra məlum olub ki, həmin o qumar reklamını etdirən şirkətlər hətta o cərimələri belə ödəməyə razı idilər ki, həmin şirkətlər reklam olunsun”.
Texnobloger deyib ki, bu iki məsələ ilə bağlı Azərbaycanda kifayət qədər qanunverici baza var:
“Sadəcə, icraedici mexanizmi daha da təkmilləşdirmək lazımdır. Konkret olaraq, qurum və strukturlara bununla bağlı təlimat verilməlidir. Yəni bununla xüsusi bir orqan və ya qurum məşğul olsa, daha yaxşı olar. Çünki polisin iş-gücü çoxdur. Bu məsələlər də polisə həvalə olunanda onlar tam olaraq uyğun nəzarət həyata keçirə bilmirlər”.
F. Pərdəşünas influenser və blogerlərin bu tipli reklam fəaliyyətinin monitorinq edilməsi gərəkdiyini düşünür:
“Ümumiyyətlə, sosial şəbəkələrdə influenser və blogerlərin bu tipli reklam fəaliyyəti monitorinq olunmalıdır. Bununla bağlı may ayında da qanunvericilik qəbul olundu və “Reklam haqqında” Qanuna müvafiq əlavə və düzəlişlər edildi. Həmin əlavə və düzəlişlərdə qeyd olunur ki, qanuna görə influnserlər reklam etdikləri məhsulu bəyan etməlidirlər. Amma istənilən halda reklam olduğunu bəyan etsə də, reklamı qadağan olunan məhsulları — qanunsuz mərc və qumar platformalarını, lisenziyasız lotereyaları və s. reklam etmək olmaz. Azərbaycanda qanunverici baza, icraedici mexanizm var, sadəcə monitorinq və bunun tətbiqi məsələsi gündəmə gəlməlidir”.
Billurə Yunus
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.