AZ

Ekspert: Tramp marşrutu Cənubi Qafqazda yük axınlarının balansını dəyişə bilər

Ermənistandan Rusiyaya yük daşımaları ilə bağlı problemlər siyasi amillərlə deyil, əsasən infrastruktur çətinlikləri və sərhəddə kadr çatışmazlığı ilə əlaqədardır,. Gürcüstan tərəfindən neqativ münasibət və ya məqsədli məhdudiyyətlər yoxdur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “NEWS.am” saytına açıqlamasında Gürcüstan Nəqliyyat Dəhlizlərinin Tədqiqat Mərkəzinin direktoru Paata Tsagareişvili bildirib.

Gürcü ekspertin sözlərinə görə, Ermənistan yük maşınlarının Gürcüstan ərazisindən keçidində ciddi maneələr barədə yayılan məlumatlar təsdiqini tapmayıb. “Gürcüstan hakimiyyəti tərəfindən əlavə yoxlamalar və ya məhdudiyyətlər barədə məlumatım yoxdur. Əsas çətinliklər sürücülərin Rusiyada qalma müddətini aşması ilə bağlıdır, nəticədə onlar deportasiya olunur. Bu problem həm erməni, həm də gürcü sürücülərinə aiddir,” – deyə Tsagareişvili qeyd edib.

O əlavə edib ki, hazırda gürcü sürücülərin Rusiyada qalma müddətinin 90 gündən 180 günə qədər artırılması variantı nəzərdən keçirilir. Ekspertin sözlərinə görə, Gürcüstan sərhədlərindəki gecikmələr siyasi deyil, texniki xarakter daşıyır: “Bəzi sərhəd-keçid məntəqələrində məhdud sayda əməkdaş çalışır, bu da yoxlama və rəsmiləşdirmə prosesini ləngidir.”

Tsagareişvili, həmçinin, Ermənistan və Gürcüstan arasında iqtisadi əlaqələrin dinamikasında azalma müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, 2012-ci ildə iki ölkə arasında yük dövriyyəsi 1,5 milyon ton təşkil edirdisə, bu gün həmin göstərici təxminən 50% azalıb. Bu isə hər iki ölkənin büdcəsinə mənfi təsir göstərir. Ekspert əlavə edib ki, əvvəllər dəmir yolu ilə daşınan bəzi yüklər avtomobil nəqliyyatına yönəldilib ki, bu da logistikanın səmərəliliyini azaldıb.

Bununla belə, Tsagareişvili münasibətlərin inkişafı üçün potensialın hələ də yüksək olduğunu vurğulayıb: “Əgər Ermənistan tərəfi Gürcüstan limanları və Avropa istiqamətləri – Bolqarıstan və Rumıniya ilə daha fəal əməkdaşlıq etsə, daşımaların həcmini artırmaq, hətta bərəbər parom xətlərini bərpa etmək mümkündür,” – deyə ekspert qeyd edib.

Yeni “Tramp marşrutu” adlanan nəqliyyat layihəsinin perspektivlərinə toxunan Tsagareişvili onu “region üçün mühüm təşəbbüs, lakin Gürcüstan üzərindən keçən mövcud marşrutlara potensial rəqib” adlandırıb. Onun fikrincə, layihə ətraflı təhlil tələb edir: “Hansı yük axınlarının yeni istiqamətə yönləndirilə biləcəyini öyrənmək lazımdır. Hazırda nəticə çıxarmaq hələ tezdir.”

Ekspertin fikrincə, layihənin həyata keçirilməsi Azərbaycan və Türkiyənin xeyrinə ola bilər. “Bu ölkələr tarif siyasətinə və daşınma həcmlərinə təsir göstərmək imkanı əldə edəcəklər, çünki hər iki dəhliz Qarsda birləşir. Bu da onlara əlavə üstünlük yaradır,” – deyə Tsagareişvili vurğulayıb. O, əlavə edib ki, Gürcüstan logistika axınlarında mümkün dəyişiklikləri əvvəlcədən qiymətləndirməli və infrastrukturunu uyğunlaşdırmalıdır ki, öz nəqliyyat marşrutlarının rəqabət qabiliyyətini qoruya bilsin.

Musavat.com

 

Seçilən
18
musavat.com

1Mənbələr