AZ

Türk Xəbər Agentlikləri Alyansının genişləndirilməsi nəzərdə tutulur

Astana, 6 noyabr, AZƏRTAC

Türk Xəbər Agentlikləri Alyansının (ATNA) təsis edilməsindən ötən iki il ərzində böyük işlər görülüb.

Bu barədə AZƏRTAC-a “Qazcontent” SC İdarə Heyətinin sədri Ayna Zadabek bildirib.

Onun sözlərinə görə, bu cür alyanslar türk dövlətləri üçün böyük əhəmiyyət kəsb edir.

“Anadolu” agentliyinin sədrliyi ilə əsas təşkilati məsələlər həll edilib: qanunvericilik sənədləri hazırlanıb, rəsmi veb-sayt yaradılıb, loqotip və brend kitabları tərtib edilib”, - deyə o bildirib.

Ayna Zadabek əlavə edib ki, “Qazcontent” SC-nin Alyansa sədrliyi dövründə növbəti mərhələ üzv ölkələrdə jurnalistikanın inkişafına yönəlmiş birgə layihələrin müzakirəsi olacaq.

“Biz, həmçinin ümid edirik ki, gələcəkdə digər ölkələrdən yeni üzvlər də müşahidəçi qismində Alyansa qoşulacaq. Bundan əlavə, digər media şirkətlərinin də iştirakı planlaşdırılır ki, bu da Alyansın mövqeyini tədricən gücləndirməyə və onun daha böyük təsir gücünə malik olmasına imkan verəcək”, - deyə o bildirib.

Noyabrın 6-da Qazaxıstan paytaxtında Türk Xəbər Agentlikləri Alyansının (ATNA) II Baş Assambleyası keçirilib. İkiillik sədrlik rəsmi olaraq Türkiyədən Qazaxıstana keçib və "Qazcontent" SC Alyansa rəhbərlik edəcək.

ATNA 2023-cü il noyabrın 6-da türk ölkələrinin milli xəbər agentlikləri arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə yaradılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
11
1
azertag.az

2Mənbələr