AZ

BMU-da Zəfərin 5 illiyi qeyd olunub - FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub,  Dövlət Himninin səsləndirilməsindən sonra Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Açılış nitqində BMU-nun rektoru Yaqub Piriyev Zəfərin 5 illiyi münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Rektor bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, cəsarətli qərarları və xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı nəticəsində torpaqlarımızın işğaldan azad olunması sadəcə hərbi qələbə deyildi, həm də milli ruhun, ədalətin, tarixi haqqımızın bərpası idi. Dünya hərb tarixinə nadir əməliyyat kimi düşən 2023-cü ilin antiterror əməliyyatları ilə Azərbaycanın dövlət suverenliyini tam bərpa etdiyini vurğulayan rektor ölkəmizin Zəfərinin beynəlxalq miqyasda tanındığını, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ABŞ kimi supergücün  bölgədə sülh və sabitliyin qorunmasında mühüm tərəfdaşa çevrildiyini, Vaşinqtonda imzalanan müqavilənin tarixi əhəmiyyətini diqqətə çatdırıb. 

Qarabağ və Şərqi Zəngəzurun dövlətimizin apardığı bərpa və quruculuq işləri nəticəsində qısa zamanda cənnətə çevrildiyini, qədim yurd yerlərinə sürətli köçün başlandığını deyən rektor bu dinamik inkişafı Azərbaycan xalqının yenilməz ruhunun, sarsılmaz iradəsinin, dövlət-xalq birliyinin təntənəsi adlandırıb. Xankəndidə azad edilmiş torpaqların gələcəyinin qurulmasında strateji rol oynayan Qarabağ Universitetinin yaradılmasını ayrıca vurğulayan Yaqub Piriyev Prezidentin rəhbərliyi ilə görülən işlər nəticəsində elm və innovasiyanı birləşdirən bu ali məktəbin beynəlxalq akademik mərkəzə çevriləcəyini, regionun dayanıqlı və uzunmüddətli inkişafına xidmət edəcəyini bildirib. Çıxışının sonunda rektor Qələbə ruhunun daim yaşayacağına, torpaqlarımızda sülh, inkişaf və tərəqqinin əbədi hökm sürəcəyinə dərin inamını ifadə edib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın  qazandığı şanlı Qələbənin əhəmiyyətindən danışaraq şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarını önə çəkib, onların sosial müdafiəsi üçün görülən işləri qeyd edib. Tarixi torpaqlarımızda Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə aparılan sürətli quruculuq işlərini vurğulayan Abdin Fərzəliyev burada həyatın qısa müddətdə yenidən canlanmasının dövlətimizin gücünü və xalqımızın iradəsini nümayiş etdirdiyini bildirib.    

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxışında Zəfəri milli kimliyimizin, birliyimizin, gəncliyimizin Qələbəsi kimi xarakterizə edib. Tarixi Zəfərin qazanılmasında şəhidlik zirvəsinə ucalan övladının da payının olması ilə qürur duyduğunu söyləyən Xatirə İsmayılova şəhid ailələrinə göstərilən yüksək ehtiram və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını dilə gətirib. 

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Zəfər Gününü xalqımızın dövlətçilik ruhunun təntənəsi adlandırıb. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik siyasəti ilə daha da gücləndiyini və regionda sülhün, sabitliyin, inkişafın təminatçısına çevrildiyini deyən Abbas Əliyev ölkəmizin bundan sonra da böyük uğurlara imza atacağını qeyd edib.  

BMU-nun “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının I kurs tələbəsi,  19 yaşında  Azərbaycan Respublikasının ən ali hərbi təltifi - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Azər Abdullazadə isə döyüş xatirələrini bölüşüb, şəhid silahdaşlarının ruhuna ehtiram ifadə edib və tələbə yoldaşlarını daim Vətənə sədaqət ruhunda olmağa səsləyib.   

Tədbir BMU-nun bədii yaradıcılıq kollektivinin hazırladığı maraqlı bayram proqramı ilə başa çatıb. 

Seçilən
19
50
unikal.az

10Mənbələr