AZ

Nurjan Kasmaliyeva: ATNA türk ölkələri arasında faktların yoxlanılması üzrə təcrübə mübadiləsinə kömək edir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 6 noyabr, AZƏRTAC

Türk Xəbər Agentlikləri Alyansı (ATNA) türk dövlətlərinin birlikləri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsində mühüm rol oynayır.

Bu barədə AZƏRTAC-a Astanada keçirilən Türk Xəbər Agentlikləri Alyansının (ATNA) II Baş Assambleyası zamanı “Kabar” agentliyinin departament rəhbəri Nurjan Kasmaliyeva bildirib.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının inkişaf etdiyi dövrdə media məkanında feyk xəbərlərin və dezinformasiyanın yayılması səbəbindən əməkdaşlıq daha da vacib hala gəlir.

“Alyansın faktların yoxlanılması sahəsində təcrübə mübadiləsi aparması, mediada süni intellektin tətbiqi və türk ölkələrinin agentlikləri arasında əlaqələrin gücləndirilməsinə ehtiyacımız var”, - deyə o bildirib.

Nurjan Kasmaliyeva Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC ilə uğurlu əməkdaşlığı da qeyd edib.

“Uzun illərdir AZƏRTAC ilə geniş əməkdaşlıq edirik. Əməkdaşlığımız çox uğurlu və məhsuldardır və biz bunu Türk Xəbər Agentlikləri Alyansı çərçivəsində daha da gücləndirmək istərdik”, - deyə o vurğulayıb.

Noyabrın 6-da Qazaxıstan paytaxtında Türk Xəbər Agentlikləri Alyansının II Baş Assambleyası keçirilib. İkiillik sədrlik rəsmi olaraq Türkiyədən Qazaxıstana keçib və "Qazcontent" SC Alyansa rəhbərlik edəcək.

ATNA 2023-cü il noyabrın 6-da türk ölkələrinin milli xəbər agentlikləri arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə yaradılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
azertag.az

2Mənbələr