AZ

Nəsimi rayonunda “Zəfər Bayrağı altında Zəfərdən-Zəfərlərə!” adlı tədbir keçirilib

Azərbaycan xalqının şanlı Vətən müharibəsində qazandığı tarixi Qələbənin 5-ci ildönümü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Zəfər Bayrağı altında Zəfərdən-Zəfərlərə!” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, Müdafiə Nazirliyinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, elm, mədəniyyət xadimləri, şəhid ailələri, müharibə iştirakçıları (qazilər) və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

İlk öncə tədbir iştirakçıları Mərkəzin foyesində Uşaq İnkişaf Mərkəzinin gənc yetirmələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonra “8 noyabr – bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür” adlı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi çıxışlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan tanınmış hərbi jurnalist Abdulla Qurbani Zəfər Bayrağının fəxri qarovulun müşayiəti ilə salona gətirildiyini elan etdi. Bütün iştirakçılar ayağa qalxaraq şanlı Zəfər Bayrağını alqışlarla qarşıladılar.

Ulu Öndər Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirildi.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının müavini Zahid Xəlilov Zəfər tarixinin əhəmiyyətindən bəhs edərək bildirdi ki, bu gün Müstəqil Azərbaycan Respublikası Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şərəfli dövrünü yaşayır. Ali Baş Komandanın qətiyyətli iradəsi və müdrik siyasəti nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək misilsiz qəhrəmanlıq salnaməsi yazdı.

Natiq çıxışına davam edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsi Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfər salnaməsidir. Bu Zəfərin qəhrəmanları olan şəhidlərimizin ailələrinə və qazilərimizə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır.

Xüsusi vurğulandı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı tariximizə hələ neçə-neçə zəfər dolu səhifələr yazılacaqdır. Onun əldə etdiyi razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəkdir.

Tədbir boyu səsləndirilən “Vətən, Sənin Şəhidlərin” elegiyası və digər bədii kompozisiyalar iştirakçılarda dərin duyğular yaşatdı.

Sonda “Müzəffər Ordumuz” mahnısının sədaları altında iştirakçılar xatirə şəkilləri çəkdirdilər. Tədbir bir daha bütün xalqımızın Zəfər ruhunu, Ali Baş Komandana inamını və Vətənə sevgisini nümayiş etdirdi.

Tədbirin sonunda Şəhidlərin ailə üzvlərinə xatirə hədiyyələr təqdim edildi.

Seçilən
40
4
veteninfo.az

5Mənbələr