AZ

Deputat Yevgeni Sinkeviç: Yeni Moldova parlamenti Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

Kişineu, 6 noyabr, AZƏRTAC

Moldovadakı Azərbaycan icması çox fəaldır, deyərdim ki, Moldovada ən aktiv icmalardan biridir. Onun üzvləri daim müxtəlif tədbirlər təşkil edirlər. Bu, çox yaxşıdır, çünki Moldovada nə qədər çox müxtəlif mədəniyyətlər varsa, onların nümayəndələri öz mədəniyyətlərinə nə qədər çox bağlıdırsa, ölkəmiz turistlər üçün bir o qədər cəlbedicidir və respublikamıza səfər etmək bir o qədər maraqlıdır.

Bu barədə AZƏRTAC-a Moldova parlamentinin “Hərəkət və həmrəylik” partiyasından olan üzvü Yevgeni Sinkeviç bildirib.

O, yeni Moldova parlamentinin Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

“Əvvəlki mandatımız dövründə Azərbaycanla inkişaf etmiş münasibətlərimizdə siyasətimizi davam etdirəcəyik. Moldova Avropaya inteqrasiya yolunu davam etdirəcək - vətəndaşların əksəriyyəti buna səs verib. Moldovanın Avropa İttifaqına üzv olmasını təmin etmək üçün hər gün çalışacaq 55 parlament üzvümüz var”, - deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı, ehtimal ki, dünyada ən çox müxtəlif milli azlıqlara, mədəniyyətlərə və dillərə dəyər verən birlikdir və buna görə də çoxmədəniyyətli bir ölkə olan Moldova onun daxilində özünü çox rahat hiss edəcək. Azərbaycan icması isə Moldova cəmiyyətinə daha çox inteqrasiya olunacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Seçilən
54
1
azertag.az

2Mənbələr