Bakı, 6 noyabr, Elçin Hüseynov, AZƏRTAC
Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, xalqın ruhudur. Prezident İlham Əliyevin dilin saflığının qorunmasına dair çağırışı bir daha göstərdi ki, bu məsələ milli kimliyimizin əsas dayağıdır. AZƏRTAC-ın müxbiri Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimovla dilin taleyi, alınma sözlər, rus və türk dillərinin təsiri və vahid onlayn lüğət platformasının vacibliyi barədə danışıb.
-Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini bir daha vurğuladı. Siz bu çıxışı necə qiymətləndirirsiniz?
- Prezidentin səsləndirdiyi fikir, əslində, dil məsələsindən daha geniş bir anlayışı - milli kimliyi əhatə edir. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, bir xalqın tarixi yaddaşının, mədəni kodlarının və özünüdərk prosesinin əsas sütunudur. Ona görə də dilin qorunması məsələsini ancaq linqvistik kateqoriya kimi deyil, ideoloji və identiklik məzmunlu məsələ kimi qəbul etməliyik.
Prezidentin “biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər” fikri mahiyyət etibarilə strateji milli çağırışıdır. Çünki dil dağılarsa, düşüncə parçalanar, düşüncə parçalanarsa, milli birlik zəifləyər.
-Bəs yad sözlərin dilə daxil olması tam şəkildə zərərli hesab edilə bilərmi?
-Dilin inkişafı təbii və dinamik prosesdir. Bütün dillər tarix boyu qarşılıqlı təsir, alınma sözlər və yeni ifadələrlə zənginləşib. Əgər alınma sözlər Azərbaycan dilinin fonetik, qrammatik və sintaktik sisteminə uyğunlaşdırılaraq istifadə olunursa, bu, dilin zənginləşməsi və söz ehtiyatının genişlənməsi üçün stimul yaradır.
Problemlər isə daha çox yanlış və məqsədsiz istifadədən qaynaqlanır. Bəzən artıq mövcud, milli sözlər yerinə yad sözlərin işlədilməsi müşahidə olunur. Bu, dilin strukturunu pozmur, lakin nitq prosesində qarışıqlığa səbəb olar, ifadə dəqiqliyini zəiflədə bilər. Bu baxımdan, dilin saflığı və düzgünlük prinsiplərinin qorunması əhəmiyyətlidir, lakin iki-üç yad sözün istifadə olunması dilin özünü təhlükəyə atmaz. Alınma sözlərin istifadəsi dili zənginləşdirən bir vasitə ola bilər. Vacib olan məsələ onların düzgün və normativ şəkildə işlənməsini təmin etməkdir. Dilin saflığı həm də sistemli tədris, media və ictimai maarifləndirmə vasitəsilə qorunmalıdır.
Bu sıraya bir məsələni də əlavə etmək istərdim. Çox vaxt ictimai müzakirələrdə alınma sözlərin işlədilməsi birbaşa “dilə təhlükə” kimi təqdim olunur. Bununla razı deyiləm. Alınma sözlərin işlədilməsi dilin özünə deyil, daha çox nitq prosesinə aiddir. Nitqdə müəyyən qarışıqlıq, bəzən məqama uyğun düşməyən söz seçimi ola bilər. Bu, dilin sistemini pozmur və mən bunu ciddi təhlükə hesab etmirəm. Əlbəttə, dilin saflığının qorunmasının tərəfdarıyam. Dastanlardan, bayatılardan, romanlardan, nənələrimizin nağıllarından, analarımızın laylalarından süzülüb gələn bir dili iki-üç alınma söz poza bilməz. Dilimizin özülləri kifayət qədər güclüdür. Problem sözün özü deyil, onun normativ istifadəsinin izah edilməməsidir. Yəni qayda var, ancaq tətbiq və nəzarət mexanizmi zəifdir.
-Dilin qorunması istiqamətində görülməsi vacib olan konkret işlərdən danışaq. Xüsusilə lüğətçilik sahəsində hansı problemləri görürsünüz?
-Açıq demək lazımdır ki, bu sahədə kifayət qədər ciddi boşluqlar mövcuddur. Orfoqrafiya lüğətimiz 5 ildən bir yenilənir, lakin müasir dövrdə dilin inkişaf dinamikası artıq illərlə deyil, aylarla ölçülür. Qloballaşma, informasiya texnologiyaları və yeni elmi istiqamətlərin təsiri ilə lüğət tərkibi sürətlə dəyişir. Bu prosesə adekvat reaksiya verilmədikdə, normativ baza faktiki olaraq geridə qalır. Əsas problem ondan ibarətdir ki, yeni söz və terminlərin normativ statusunu müəyyənləşdirən mexanizm həm ləng, həm də qapalı xarakter daşıyır. Halbuki daha çevik və ictimai iştirakçılığa əsaslanan model mümkündür. Məsələn, Türkiyə Respublikasında Türk Dil Qurumunun lüğət sistemi tamamilə onlayn platforma üzərində fəaliyyət göstərir və mütəmadi şəkildə yenilənir. Bu, həm iqtisadi baxımdan səmərəlidir, həm də geniş istifadəçi kütləsi üçün daha əlçatandır.
Bizdə isə hələ də minlərlə tirajla çap olunan, amma gündəlik dil praktikası üçün məhdud funksionallığa malik çoxcildlik (800-1000 səhifəlik) lüğət formatına üstünlük verilir. Hesab edirəm ki, Azərbaycan dilinin inkişafı üçün ən vacib məsələlərdən biri vahid milli onlayn lüğət platformasının yaradılmasıdır. Bu platforma orfoqrafiya lüğəti, izahlı lüğət, terminoloji fond, ensiklopedik məlumat bazası və onların hamısının mütəmadi yenilənən və mobil tətbiq üzərindən əlçatan vahid sistemi kimi komponentləri birləşdirməlidir. Belə bir platforma yalnız linqvistik normativliyi təmin etməyəcək, həm də dilin inkişafında ictimai iştirakçılığa şərait yaradacaq. Mənim fikrimcə, hazırda dilimizin qarşısında duran ən real və prioritet məsələ lüğət sisteminin vahid onlayn (elektron) lüğət platforması əsasında yenidən qurulmasıdır.
-Bəzən cəmiyyətdə rus dilinin dominant rol oynadığına dair narahatlıqlar var. Bu narahatlığı əsaslı sayırsınızmı?
-Bu gün rus dilinin müəyyən sahələrdə işlənməsi həm tarixi təhsil ənənələri, həm orta və ali məktəblərdə rus bölmələrinin mövcudluğu, həm də ölkəmizdə yaşayan rusdilli və çoxdilli icmalarla bağlıdır. Bu, Azərbaycanın multikultural və açıq cəmiyyət modelinin bir nəticəsidir. Burada milli kimliyə və ya dövlət dilinin mövqeyinə təhlükə axtarmaq doğru olmaz. Dil üzərindən milliyyətçilik aparmaq isə ümumiyyətlə sağlam yanaşma deyil.
Unutmayaq ki, dil situasiyası tarixi proseslərlə dəyişkəndir. Məsələn, 20-30 il əvvəl əmək bazarında üstünlük əsasən rus dilini bilənlərə verildiyi halda, bu gün qlobal iqtisadi və texnoloji trendlərə uyğun olaraq üstünlük ingilis dilinə keçib. Hazırda dünyada Çin dilinə marağın artması, ərəb dilinin nüfuzunun genişlənməsi də eyni məntiqə söykənir. Yəni dillərin sosial statusu zaman və iqtisadi güc faktorları ilə dəyişir.
Lakin bu proseslərin heç biri Azərbaycan dili üçün təhlükə yaratmır. Çünki dilimiz XX əsrdə 70 ilə yaxın rus dili hegemoniyasının güclü təsiri şəraitində belə öz fonetik quruluşunu, leksik-sintaktik sistemini və milli ifadə xüsusiyyətlərini qorumağı bacarıb. Yəni Azərbaycan dili milli-mədəni dayaqları güclü olan dildir və onun möhkəm bünövrəsini xarici təsirlər sarsıda bilməz.
Burada təhlükə yalnız gündəlik danışıqda məqsədsiz və normadan kənar yad sözlərin normaya çevrilməsi ola bilər. Bu da dilin lüğət sisteminin zəifləməsi yox, nitq mədəniyyətinin tənzimlənməsi məsələsidir.
-Türkiyə türkcəsindən gələn sözlərin yazılışında uyğunsuzluqlar narazılıq yaradırmı?
-Avropa mənşəli sözləri fonetik sistemimizə uyğunlaşdırırıq, lakin türkcədən alınan sözlərdə bu yanaşma həmişə sabit olmur. Nəticədə eynimənalı sözlərin bir qismi “əsli kimi”, digəri isə “adaptasiya edilmiş” formada yazılır. Bununla yanaşı, şəxs adları, şəhər və qurum adlarının da fərqli yazılış nümunələri müşahidə olunur. Bu vəziyyət ictimaiyyət üçün çaşqınlıq yaradır və yazının vahidliyinə təsir göstərir. Bu səbəbdən vahid norma sənədi hazırlanmalı, tətbiqi mexanizm aydın şəkildə müəyyən edilməli və ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır. Əks halda dil praktikada “kim necə işlətdi” prinsipi ilə parçalanır və vahid standart zəifləyir.
-Azərbaycan dilinin qorunması ilə bağlı nə tövsiyə edərdiniz?
-Azərbaycan dili bizim varlığımızdır. Biz dilimizi qorumasaq, özümüzü itirərik. Dövlət bu sahədə güclü hüquqi və konseptual baza yaradıb. İndi məsuliyyət aidiyyəti qurumların, ziyalıların, müəllimlərin, medianın və ən çox da gənclərin üzərindədir.
Dilin taleyi, əslində, sözün sahibinin vicdanı ilə ölçülür. Biz dilə necə yanaşırıqsa, dil də bizi o cür yaşadır. Ona görə də dil məsələsində emosional çağırışlardan çox şəxsi məsuliyyət və daxili mədəniyyət önəmlidir.
Sözlərimi Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı dərin mənalı fikirləri ilə yekunlaşdırmaq istəyirəm: “Özümüzün dili var - Azərbaycan dili və çox da gözəl dilimiz var. Çox belə ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir”.
Bu fikirlər təkcə dilə sevgi deyil, həm də milli kimliyimizin, mənəvi dayaqlarımızın əbədi istiqamətidir.