AZ

“ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalın keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı Qələbəsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır. Tədbir, həmçinin Vətən müharibəsində əldə edilmiş tarixi nailiyyətlərin, ordumuzun qəhrəmanlığının və bu Zəfərin bütövlükdə Türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını nəzərdə tutur.

Yaradıcılıq festivalında Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin, “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzinin kollektivləri, ümumilikdə isə 400-ə yaxın məktəblinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.

Qeyd edək ki, Vətən müharibəsindəki Zəfərə həsr olunan festival 5-ci dəfə keçirilir və hər il gənclərin vətənpərvərlik ruhunun, yaradıcılıq bacarıqlarının nümayişi üçün mühüm platformaya çevrilib.

 

Seçilən
15
8
azertag.az

9Mənbələr