AZ

Paşinyan Putinə eyhamla cavab verdi: “Hər ölkə istədiyini təltif edə bilər — amma bu, KQB agenti idi”

Ermənistanın Baş naziri Nikol Paşinyan 6 noyabrda jurnalistlərlə söhbətində bildirib ki, hər bir ölkə istədiyi şəxsi mükafatlandırmaqda azaddır, o cümlədən erməni arxiyepiskopunu da.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu açıqlama, Rusiya prezidenti Vladimir Putinin Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Yezras Nersisyanı Aleksandr Nevski ordeni ilə təltif etməsinə münasibət kimi səslənib.

Paşinyan bildirib ki, mükafat alan şəxsin Rusiya vətəndaşlığı da ola bilər. O, bu məsələyə əvvəlki çıxışında KQB agentlərindən danışarkən işarə etdiyini əlavə edib:

“Bəli, mən ‘KQB agenti’ ifadəsini işlətmişdim və məhz Yezras Nersisyanı nəzərdə tuturdum. Nəşr olunmuş sənədlərdən aydın olur ki, o, sovet illərində ‘Pap’ kod adı altında agent kimi cəlb olunub. Bu, faktdır,” – deyə Paşinyan vurğulayıb.

Xatırladaq ki, Vladimir Putin arxiyepiskop Yezras Nersisyanı Rusiya Xalq Birliyi Günü münasibətilə Aleksandr Nevski ordeni ilə təltif edib.

Paşinyanın bu açıqlaması müşahidəçilər tərəfindən Moskvanın simvolik jestinə sərt cavab kimi dəyərləndirilib. Çünki Putin bu mükafatı məhz Ermənistan rəhbərliyi ilə münasibətlərin gərgin olduğu bir vaxtda təqdim edib və bu, siyasi mesaj kimi qəbul edilib.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr