AZ

“Azərbaycanın sülh jesti Ermənistan üçün yeni fürsətlər açır” – ŞƏRH –ÖZƏL

"Ermənistan  Azərbaycan ərazilərini işğal etdikdən sonra Azərbaycanla Ermənistan arasında bütün infrastruktur əlaqələri kəsildi. Ermənistan özünü bir dalana dirədi. Ermənistanın işğalçılıq siyasəti onun dünya ilə iqtisadi inteqrasiyasını ləngitdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Bakı-Ceyhan neft kəməri, qaz kəməri və digər beynəlxalq layihələr Gürcüstan üzərindən həyata keçirilib və bu layihələr Gürcüstan dövlətinə böyük gəlir gətirir. Beynəlxalq layihələrdən özünü təcrid edən Ermənistan dünyanın iqtisadi sisteminə inteqrasiya edə bilmir. Bunun üçün nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları açılmalıdır.

"44 günlük Vətən Müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti Ermənistana beş əsas prinsipi əhatə edən sülh təklifi irəli sürdü. Bu, Prezidentin sülh yönümlü təşəbbüsü idi və 44 günlük müharibədən sonra regionda yeni siyasi situasiya yaratdı. Azərbaycan bir neçə dəfə Ermənistana sülh sazişi imzalamaq üçün təşəbbüs göstərdi. Təəssüf ki, Ermənistan indiyə qədər Azərbaycanın şərtlərini qəbul etməyib və sülh sazişinə imza atmır. Hətta sazişin mətnləri razılaşdırılsa belə, Azərbaycana əsas şərt kimi konstitusiyada dəyişiklik edilməsini tələb etməkdən imtina olunur. Buna baxmayaraq, Prezidentin Ermənistana jesti - ölkəni blokadadan çıxarmaq və iqtisadi böhrandan çıxarmaq məqsədilə  Azərbaycanın üzərindən taxıl daşınmasına icazə verməsi, yeni bir sülh təşəbbüsüdür. Azərbaycan bu addımla Ermənistana iqtisadi yardım göstərməklə münasibətləri bərpa etməyə çalışır. Hesab edirəm ki, Ermənistanın siyasi rəhbərliyi Prezident İlham Əliyevin bu jestini düzgün başa düşəcək və qiymətləndirəcək," - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirsə, qonşularla münasibətlərini yenidən gözdən keçirməlidir, xüsusilə Azərbaycan və Türkiyə ilə. Əgər Ermənistan Uzaq Şərqə, Çin və Orta Asiyaya dəmir yolu əlaqələri qurmaq istəyirsə, Azərbaycanla münasibətləri bərpa edilməlidir. Eyni zamanda, Avropaya inteqrasiya üçün Türkiyə ilə münasibətlərin normallaşdırılması vacibdir.

"Azərbaycan bölgədə yeni siyasi yanaşmalar formalaşdırır, həm 44 günlük Vətən Müharibəsindən sonra, həm də Prezidentin praktiki addımları ilə yeni reallıq yaranıb. Bu yanaşma Ermənistan-Azərbaycan münasibətlərində gərginliyi azaltmağa və münasibətləri yumşaltmağa xidmət edə bilər. Azərbaycan xarici siyasətində qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürür və bunu beynəlxalq hüquq müstəvisində tənzimləməkdə maraqlıdır. Xüsusilə də Ermənistanla münasibətləri düşmənçilikdən işgüzar qonşuluq münasibətinə çevirmək üçün atılan bu addım - Ermənistanı aclıqdan və iqtisadi böhrandan qurtarmaq məqsədilə böyük həcmdə taxılın Azərbaycan üzərindən daşınmasına imkan vermək - ölkənin iqtisadiyyatının və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına hesablanmışdır. Ümid edirəm ki, Ermənistanın siyasi rəhbərliyi bu təşəbbüsü düzgün qiymətləndirəcək," - deyə Azad Məsiyev sonda vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr