AZ

Azərbaycanda gələn il Aİ-95 benzinin istehsalı barədə xəbər hələ ziddiyyətlidir...


Xalid Kərimli: "Hökumət hər il vəd verir ki, Aİ-95 markalı benzini daxildə istehsal edəcəyik, amma vədlər bir-birini əvəzləyir, reallıq dəyişmir”

İqtisadçı Xalid Kərimli bildirir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidənqurma və modernləşdirmə layihəsinin nəticəsiz qalması cəmiyyətdə ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, bu layihəyə dövlət vəsaiti hesabına milyonlarla, bəzi mənbələrə görə isə bir neçə milyard manat sərf olunub. Lakin buna baxmayaraq, 2026-cı ildə də Aİ-95 markalı avtomobil benzininin daxildə istehsalı nəzərdə tutulmur.

2026-cı il dövlət büdcəsi layihəsində göstərilir ki, gələn il aksiz vergisi daxilolmalarının ümumi həcmi 1 milyard 584 milyon manat təşkil edəcək. Bunun 49,2 faizi, yəni 779 milyon manatı neft-qaz sektorunun payına düşür. Bu isə 2025-ci ilin proqnozu ilə müqayisədə 196,7 milyon manat və ya 20,2 faiz az deməkdir. Sənəddə qeyd olunur ki, gələn il daxili istehlak üçün Aİ-95 markalı benzinin istehsalı planlaşdırılmır. Əksinə, Aİ-92 markalı benzinin istehsalının 239,9 min ton (14,7%), dizel yanacağının isə 298,5 min ton (13,7%) azalacağı proqnozlaşdırılır. Halbuki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 67 min ton Aİ-92 markalı benzin istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Aİ-95 markalı benzinin istehsalı isə eyni dövrdə 45 faiz azalaraq cəmi 13,8 min ton olub.

Xalid Kərimli vurğulayır ki, Aİ-95 və Aİ-98 markalı benzinlər Tarif (Qiymət) Şurasının tənzimlədiyi yanacaq növləri siyahısına daxil deyil, onların qiyməti bazarda tələb və təklif əsasında formalaşır. Tarif Şurası yalnız Aİ-92 markalı benzin və dizel yanacağının qiymətini müəyyən edir. Aİ-95 markalı benzin əsasən idxal hesabına təmin olunur, halbuki, NEZ-də aparılan modernləşdirmə işləri bu asılılığı azaltmaq məqsədi daşıyırdı.

İqtisadçı qeyd edir ki, zavodun təmiri və yenidən qurulması üçün böyük həcmdə vəsait ayrılıb. Mətbuat məlumatlarına görə, layihənin maliyyələşdirilməsi çərçivəsində zavodun ümumi büdcəsi artırılıb. Layihəyə başlanarkən prosesin 2022-ci ildə başa çatacağı bildirilmişdi, daha sonra bu tarix 2023–2024-cü illərə, bundan sonra isə 2025-ci ilə qədər uzadıldı. Zavodda baş vermiş yanğın da işlərin gedişinə mənfi təsir göstərdi. Nəticədə, illərlə davam edən bu proses gözlənilən effekti vermədi və yenə də istehsalın azalacağı açıqlanır.

Onun fikrincə, layihədə şəffaflıq problemi var, heç olmasa vətəndaş cəmiyyəti nümayəndələri belə xərclənən vəsaitlər barədə dolğun məlumat ala bilmir. “İndi sual yaranır: niyə milyonlarla, bəlkə də milyardlarla manat xərcləndi, amma hələ də Aİ-95 markalı benzini istehsal edə bilmirik? Niyə digər yanacaq növlərinin istehsalı da azalır? Əgər bu qədər vəsait xərclənibsə, nəticə haradadır? Bu sualların cavabı yoxdur. Deməli, neftdən gələn gəlirlərin bir hissəsi də bu yolla havaya sovrulub”, - deyə Kərimli bildirir.

Onun sözlərinə görə, Aİ-95 markalı benzinin qiyməti onsuz da yüksəkdir və beynəlxalq bazarda neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda qiymət sabit qalır. “Hazırda dünya bazarında neftin bir bareli 60 dollar civarındadır. Aİ-95 markalı benzinin satış qiyməti 1,6 manat müəyyən ediləndə neft 85–90 dollar idi. Yəni neft ucuzlaşıb, amma bizdə yanacağın qiyməti eyni qalıb, nəyə görə?! Özü də bu benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Bunun səbəbi inhisarçılıqdır. ABŞ-da benzinin qiyməti düşür, amma Azərbaycanda, neft ölkəsi olduğumuz halda, benzin daha bahadır. Bu, iqtisadi məntiqə sığmır”.

Kərimli hesab edir ki, vəziyyət artıq narahatedici həddə çatıb: “Milyardlarla manat xərclənib, amma cəmiyyət bu layihədən real fayda görmədi. Nəticədə, neft ölkəsi olan Azərbaycan bu gün benzin idxalından asılı vəziyyətə düşüb. Bu, doğrudan da vahiməli bir mənzərədir. Hökumət hər il vəd verir ki, Aİ-95 markalı benzini daxildə istehsal edəcəyik, amma vədlər bir-birini əvəzləyir, reallıq dəyişmir”.

Açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə, faktiki olaraq, 2015-ci ildən SOCAR tərəfindən həyata keçirilən “Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernləşdirmə layihəsi”nin dəyəri 2,2–3 milyard ABŞ dolları arasında qiymətləndirildi. Layihənin məqsədi 2025-ci ilə qədər zavodu “Avro-5” standartlarına uyğunlaşdırmaq, illik emal gücünü 7,5 milyon tona çatdırmaq və Aİ-95 markalı benzinin daxildə istehsalına nail olmaq idi. Layihə çərçivəsində yeni texnoloji qurğular - nafta hidrotreytinq, katalitik qırma (FCC), VGO hidrotreytinq, eləcə də enerji və hava sistemlərinin yenilənməsi nəzərdə tutulmuşdu. 2020-ci ilin əvvəlinə qədər işlərin 63 faizi görülmüşdü.

Dövlət büdcəsində 2024-cü il üçün zavodun modernləşdirilməsinə 407,9 milyon manat əlavə vəsait ayrılıb. Layihədə beynəlxalq şirkətlər, o cümlədən İspaniyanın “Técnicas Reunidas” və “EDT” şirkətləri - EPC və EPCM əsaslı müqavilələrlə iştirak ediblər. Zavodun illik emal gücü 4-6 milyon tondan 7,5-8 milyon tona çatdırılmalı idi. Lakin texniki problemlər, sınaq mərhələsində çətinliklər, köhnə və yeni qurğuların paralel işləməsi və idarəetmədəki ləngimələr səbəbindən layihənin icrası dəfələrlə təxirə salınıb.

Layihənin tamamlanması ilə ölkədə “Avro-5” standartlı yanacaqlara keçid, idxaldan asılılığın azalması və yanacaq təhlükəsizliyinin gücləndirilməsi planlaşdırılmışdı. Lakin bu məqsədlərə tam çatılmaması həm iqtisadçılar, həm də ictimaiyyət arasında haqlı narazılıq doğurur. Çünki dövlət vəsaiti hesabına həyata keçirilən bir layihə uzun illər davam edir, amma nəticə etibarilə ölkə yenə də Aİ-95 markalı benzini xaricdən idxal etməyə məcbur qalır. Bu isə cəmiyyətin əsas sualını doğurur: əgər məqsəd özünü təmin etmək idisə, bu qədər böyük sərmayənin iqtisadi effekti nədən ibarətdir?

Akif NƏSİRLİ

Seçilən
27
baki-xeber.com

1Mənbələr