AZ

“Rusiya buğdasının Ermənistana tranziti yeni münasibətlərin başlanğıcıdır” Xalid Kərimli

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya buğdasını daşıyan qatarın Azərbaycan və Gürcüstan üzərindən Ermənistana tranziti regionda yeni əməkdaşlıq elementlərinin meydana çıxdığını göstərir.

Bu marşrutun açılması, xüsusilə nəqliyyat və ticarət əlaqələrinin mərhələli şəkildə bərpa edildiyi bir dövrdə baş verməsi ilə diqqət çəkir. Paralel olaraq Azərbaycanın Qazaxıstandan gələn yüklərə də oxşar tranzit imkanı yaratması ölkənin regional logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir.

Bu proses həm də tərəflər arasında etimadın formalaşması yönündə praktik bir addım kimi görünür.

Bu tranzit əməkdaşlığı Cənubi Qafqazda siyasi münasibətlərin normallaşması və sülh prosesinin irəliləməsinə real töhfə verə bilərmi, yoxsa hələlik yalnız iqtisadi-təkmiqyaslı yanaşma kimi qiymətləndirilməlidir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, bu mərhələdə qazanc azdır, amma bu, həyatın başlanğıcıdır:

“Bu, ilkin qaranquşlardır. Transit yüklərinin Azərbaycandan keçərək Ermənistana çatdırılması əlaqələrin formalaşdırılması üçün ilkin yaxşı xəbərlərdir. Təbii ki, biz hələ prosesin ən əvvəlindəyik.

Yəqin ki, eyni analoji addımları da Naxçıvandan gələn yüklərin Azərbaycan üzərindən keçməsi zamanı tezliklə müşahidə edəcəyik, görəcəyik. Amma burada təəssüf ki, xüsusilə də çox böyük ehtimalla bu yüklər dəmir yolu xətti ilə deyil, quru yol ilə – Laçın yolu vasitəsilə gedir. O vaxt Laçın yolu birləşdirilmişdi.

Amma Zəngilanın yolu, Ağbəndə qədər olan həm quru yolu, həm də dəmir yolu xətləri bizdə çəkilir, yekunlaşdırılır. Hələ tam olaraq bitməyib, amma yekunlaşmaq üzrədir. Ermənilər isə təəssüf ki, hələ bu istiqamətdə iş görməyiblər, orada 40-neçə kilometrlik məsafə var. Onlar bu məsafədə quru və dəmir yol xəttini birləşdirmə prosesini hələ həyata keçirməyiblər.

Amma başlayan proseslər onu göstərir ki, onlar da başlayacaqlar. Çünki ilkin jestləri biz edirik, bizim ölkə edir. Ermənistana gələn yükləri öz ərazimizdən buraxırıq. Həm də bu, yeni sülh və dostluq münasibətlərinin formalaşmasında ilkin addımlardır.

Təbii ki, iki ölkə arasındakı əlaqələrin yaxşılaşması, ilkin mərhələdə tranzit yükləri olsa belə, müsbət haldır. Bu yüklər bizə aid deyil, yəni onların alışı-satışı bizə məxsus deyil, sadəcə ölkəmizin ərazisindən istifadə edilir. Bəs bu, bizə nə verir? Biz tranzit haqqı qazanırıq, torpaq rüsumları formasında gəlirlər əldə edirik və eyni zamanda ölkədən keçid zamanı insanlar burada dayanır, yemək yeyir, çay içir və s. Yəni tranzit yükləri və koridorlar ona görə əhəmiyyətlidir ki, üzərində aktivlik yaranır, ölkəyə gəliş-gediş artır.

Həm də Qazaxıstan–Rusiya istiqamətindən gələn yüklərin Ermənistana keçidi nəzərdə tutulur. Bəli, bu mərhələdə qazanc azdır, amma bu, həyatın başlanğıcıdır. Başlanğıcdır və ümidlər nədən ibarətdir? Ümidlər ondan ibarətdir ki, tezliklə “Zəngəzur dəhlizi” dediyimiz marşrut – ermənilər bu ifadəni xoşlamasa da – işə düşəcək. Çünki Zəngəzurun tarixi var, Zəngəzur Azərbaycana aid olub, ona görə də bu termin onları qıcıqlandırır. 1922–1923-cü illərdə bu ərazi SSRİ tərəfindən Ermənistana təhvil verilib, buna görə qıcıq yaranır. Layihə alternativ adlarla – məsələn, “Zəngəzur dəhlizi” əvəzinə “Trans-Ermənistan marşrutu” (TRIP) kimi də adlandırılır. Amma ad fərqli olsa da, əsas odur ki, yol açılsın”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr