AZ

Bakıda qəzalı tarixi əhəmiyyətli binalara kim sahib çıxmalıdır?ARAŞDIRMA

Zahidə Əzizova uzun illərdir Bakının Bayır şəhər adlanan ərazisində yaşayır. Onun yaşadığı bina dediyinə görə, tarixi abidə olaraq Mədəniyyət Nazirliyinin reyestrinə daxil edilib. Amma buna baxmayaraq İcra hakimiyyəti binanın sökülməsinə qərar verib.

"Bayır şəhərdə 140-dan çox ölkə və şəhər əhəmiyyətli abidələr var. Onları sökmək cinayətdir. Amma sökmək üçün bu binaları qəsdən reyestrdən çıxarır və məhv edirlər. Bizdə olan məlumata görə, baş planda bu binaların sökülməsi barədə məlumat yoxdur.Heç kim buna məhəl qoymur",  - Əzizova bildirir. 

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva da Bayır şəhərin bir hissəsi, Təzə Pir məscidinin ətrafında 73 tarixi mədəniyyət abidəsinin olduğunu təsdiqləyib. 

Amma Bakıda yaşadıqları binaların qəzaı vəziyyətdə olmasından narahat olan və sökülməsini istəyənlər də az deyil. 

Qış parkı yaxınlığında, Rəsul Rza küçəsi 97 ünvanında yerləşən tarixi bina artıq illərdir qəzalı vəziyyətdədir. 1901-ci ildə tikilən binanın sakinləri Anews.az-a bildiriblər ki, zirzəmiyə yığılan su səbəbindən bina əyilib, döşəmələr çöküb, divarlarda dərin çatlar yaranıb.

Bina sakini Lyudmila Kryuçkina bildirir ki, evin zirzəmisinə uzun müddətdir su yığılır və bu, binanın konstruksiyasına ciddi zərər vurub.

“Binanın döşəmələri çöküb, divarlarda dərin çatlar əmələ gəlib. Eyni zamanda evin bir tərəfi əyilib",  -  Kryuçkina deyib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin nümayəndələri binanın üzərinə ‘yerli əhəmiyyətli abidə’ olduğunu göstərən lövhə vurublar, amma bu, vəziyyəti dəyişmir.

"Bina Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülüb. Buna baxmayaraq, indiyədək heç bir əsaslı təmir aparılmayıb. FHN nümayəndələri baxış keçirsə də, tədbir görülməyib. İcra hakimiyyətinə dəfələrlə müraciət etmişik, amma nəticə yoxdur”, – bina sakini vurğulayıb.
 

Sakinlərin sözlərinə görə, binanın tarixi statusu insan həyatını təhlükə altında saxlamaq üçün bəhanəyə çevrilməməlidir.

“Əgər bu bina doğrudan da tarixi dəyərə malikdirsə, onu bərpa etsinlər. Əks halda bizə kompensasiya verib köçürsünlər. Artıq bu evdə yaşamaq mümkün deyil”, - Kruçkina vurğulayıb.

Bəs görəsən, tarixi əhəmiyyətli abidələr siyahısına daxil olan binaların təmiri, bərpası ilə kim məşğul olmalıdır? Onların qəzalı vəziyyətdə olmasını əsas gətirib sökmək olarmı?

“Bərpaya bina sahibləri cavabdehdir” - Mədəniyyət Nazirliyi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Anews.az-a açıqlamasında bildirib ki, tarixi binaların qorunmasına dövlət nəzarət edir, lakin onların bərpası birbaşa mülkiyyətçilərin məsuliyyətidir.

“Xüsusi mülkiyyətdə olan abidələrin qorunmasına, memarlıq üslubunun dəyişdirilməməsinə və qaydalara uyğun istismarına Mədəniyyət Nazirliyi tərəfindən nəzarət edilir. Amma bərpa işləri mülkiyyətçilərin öz vəsaiti hesabına həyata keçirilməlidir. Qanun bunu tələb edir,” – Hüseynov vurğulayıb.

O qeyd edib ki, hazırda Bakının “Sovetski” adlanan ərazisində dövlət mühafizəsində olan 73 tarixi bina, əlavə olaraq memarlıq əhəmiyyətinə görə qorunan 33 tikili var. Ümumilikdə isə 106 tarixi obyekt nazirliyin nəzarətindədir.

“Qurumlararası əlaqəsizlik mədəni irsə ciddi zərbə vurur” - millət vəkili

Milli Məclisin deputatı Fazil Mustafa hesab edir ki, mədəniyyət abidələrinin qorunması sahəsində əsas problemlərdən biri dövlət qurumları arasında səlahiyyət bölgüsünün və koordinasiyanın yetərincə aydın olmamasıdır.

Deputatın sözlərinə görə, əgər bina qəzalı vəziyyətdədirsə, icra hakimiyyətləri müvafiq rəy hazırlayır və təcili tədbirlərin görülməsini tələb edir. Lakin digər aidiyyəti qurumlar, Mədəniyyət Nazirliyi və müvafiq icra strukturları  bu çağırışlara vaxtında reaksiya vermədikdə, vəziyyət nəzarətdən çıxa bilər.

“Burada qurumlararası münasibətlərdə ciddi problem var. Qəzalı binada problem varsa, icra hakimiyyəti rəy verir və təcili tədbir görülməsini tələb edir. Amma digər qurumlar bunu ciddiyə almadıqda, bu, böyük təhlükə yaradır. Dövlət orqanlarının səlahiyyətləri və icra mexanizmləri konkret şəkildə müəyyən edilməlidir,” –  deputat qeyd edib.

Fazil Mustafa hesab edir ki, bu mexanizmlər olmadıqda, Mədəniyyət Nazirliyi və digər qurumların təkcə məktublar göndərməsi və ya çağırışlar etməsi vəziyyəti dəyişmir. Onun fikrincə, icra hakimiyyətlərinin də bu istiqamətdə tam səlahiyyəti yoxdur və bu, problemi bir az da dərinləşdirir.

“Belə məsələlərdə səlahiyyət bölgüsü çox önəmlidir. Bu, sırf icra məsələsidir və konkret səlahiyyət sahibləri məsuliyyət daşımalıdırlar. Vətəndaşın düşdüyü vəziyyətin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Ümumilikdə, qəzalı binalar və mədəni irs abidələri məsələsinə kompleks yanaşma vacibdir,” –  deputat bildirib.

Fazil Mustafanın fikrincə, bərpa üçün ayrılan vəsait kifayət etmir.

"Mədəniyyət abidələrinin qorunması və qəzalı vəziyyətdə olan binaların bərpası məsələsi tez-tez müzakirə olunur və Milli Məclisin iclaslarında da gündəmə gətirilir.

“Bu məsələ mütəmadi olaraq müzakirəyə çıxarılır. Nazirlər Kabinetinin hesabatında da bu problemə toxundum. Bu istiqamətdə müəyyən işlər görülür, amma mövcud vəziyyət daha sistemli yanaşma tələb edir,” –  deputat qeyd edib.

Onun sözlərinə görə, abidələrin bərpası üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılıb. Lakin bu məbləğ ölkə üzrə mədəni irs nümunələrinin qorunması üçün kifayət deyil.

“Bərpa üçün 50 milyon vəsait büdcədən ayrılıb. Ancaq bu rəqəm yetərli deyil. Ümid edirəm, gələcək büdcə müzakirələrində bu sahəyə daha çox diqqət ayrılacaq və vəsait artırılacaq,” – deputat bildirib.

İqtisadçı: “Sakinlərə ədalətli kompensasiya ödənilməlidir”

İqtisadçı Natiq Cəfərli hesab edir ki, dövlət tərəfindən strateji əhəmiyyətli obyektlərin tikintisi üçün söküntü aparılmadığı hallarda, qiymət bazar prinsipləri əsasında müəyyən olunmalıdır:

“Əgər bina dövlət ehtiyacları üçün sökülmürsə, qiymət dövlət tərəfindən deyil, bazar qaydalarına əsasən formalaşmalıdır. İnsanlar öz evlərindən köçməyə məcbur edilirsə, bu, mülkiyyət hüququnun pozulmasıdır. Belə hallarda vətəndaşlar kollektiv şəkildə məhkəməyə müraciət edə bilərlər,” – Cəfərli bildirib.

Onun fikrincə, insanların uzun illər yaşadıqları ərazilərdən məcburi köçürülməsi ciddi sosial narazılıq yaradır və bu zaman kompensasiya “artıqlaması ilə” ödənilməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti: “Tarixi binaların söküntüsü nəzərdə tutulmayıb”

Bakı Şəhər İcra Hakimiyyətindən  Anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxt ərazisində dövlət reyestrinə daxil edilən tarixi binaların söküntüsü planlaşdırılmayıb.

“Rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər tikililərin söküntüsü nəzərdə tutulmayıb. Hazırda yalnız istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan binaların söküntüsü həyata keçirilir,” – məlumatda qeyd olunub.

Memar: “Tarixi irs iqtisadi maraqlara qurban verilir”

Memar Abdul Hüseynov bildirir ki, əsas problem şəhərsalma siyasətində iqtisadi maraqların mədəni irsdən üstün tutulmasıdır:

“Tarixi memarlıq abidələri qorunmalı, restavrasiya olunmalıdır. Lakin torpaq sahələrinin dəyəri artdıqca, köhnə binalar ‘köhnəlik’ kimi dəyərləndirilir və yerində kommersiya məqsədli tikililər ucaldılır. Bəzən ‘bərpa’ adı altında aparılan işlər əslində söküntüdür — fasad saxlanılır, bina yenidən tikilir”.

Memar hesab edir ki, vəziyyəti dəyişmək üçün peşəkar bərpa yanaşmasına ehtiyac var:

“Roma, Tbilisi, İstanbul, Paris kimi şəhərlərdə köhnə binalar müasir tələblərə uyğunlaşdırılaraq qorunur. Bizdə isə çox vaxt ‘qoruma’ bahalı və mənasız iş kimi görünür. Halbuki düzgün planlaşdırma ilə bu binalar həm mədəni irs, həm də turizm baxımından dəyərli obyektlərə çevrilə bilər”.

Nazirlər Kabineti tərəfindən təsdiq edilən Bakının 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Planda təkcə qəzalı yaşayış binaları yox, həm də bəzi ictimai binaların da sökülməsi nəzərdə tutulub.

2024-cü ilin əvvəllərində paytaxtda qəzalı olduğu üçün siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub

Tarixi binalar necə qorunur? - xarici təcrübə

Bir çox xarici ölkədə tarixi və yerli əhəmiyyətli binaların qorunması dövlət siyasətinin əsas istiqamətlərindən hesab olunur. 

Məsələn, Fransada “Monuments Historiques”, İtaliyada Mədəniyyət Nazirliyi, Türkiyədə isə “Kültür Varlıklarını Koruma Kurulu” kimi qurumlar bu binaların qeydiyyatını aparır, söküntüyə icazə vermir və bərpa işlərinə nəzarət edirlər.

Həmçinin, bələdiyyələr tarixi binaların texniki vəziyyətini izləyir, bərpa layihələrini təsdiqləyir və bəzi hallarda təmir xərclərinin bir hissəsini büdcədən maliyyələşdirirlər. Eyni zamanda bina sahiblərinə vergi güzəştləri və bərpa subsidiyaları təqdim olunur.

Böyük Britaniyada “National Trust” və “Historic England”, ABŞ-də isə “National Register of Historic Places” sistemləri vasitəsilə yüzlərlə bina həm dövlət, həm də ictimai fondların dəstəyi ilə qorunur.

Bu təcrübə göstərir ki, xarici ölkələrdə tarixi binaların qorunması təkcə mədəniyyət məsələsi deyil, həm də şəhərsalma, iqtisadi və ictimai məsuliyyət  hesab olunur.

Aytac Zeynalova

 

Seçilən
17
1
anews.az

2Mənbələr