AZ

Türkiyənin məşhur geyim firma dükanları Bakıda rəqabətə dözə bilmədi....


Natiq Cəfərli: “Ənənəvimağazalar yüksək əməliyyat xərcləri – icarə haqları, əməkhaqqı, xidmət və vergi ödənişləri səbəbindən rəqabət qabiliyyətlərini itirir”

Son illərdə ölkədə onlayn alış-veriş edənlərin sayı xeyli artıb. İnsanlar istədikləri məhsulu onlayn satış platformaları vasitəsilə asanlıqla sifariş edərək əldə edə bilirlər. İnsanların onlayn sifarişə üstünlük verməsi satış sektoruna da ciddi təsir göstərir. Satışın azalması nəticəsində vaxtilə bu sahədə uğur qazanmış bir çox sahibkar mağazalarını bağlamaq məcburiyyətində qalır.

Hətta son günlər Azərbaycanda LC Waikiki, New Yorker, Terranova və Calliope adlı mağazalarınbağlanacağı haqqında məlumatlar yayılıb. Qeyd edək ki, DeFacto mağaza şəbəkələri Azərbaycanda fəaliyyətini tamamilə dayandırıb. Türkiyənin tanınmış geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filialları bağlanıb.

LC Waikiki, New Yorker, Terranova, Calliope və digər mağazaların da gələcək aqibətilə bağlı suallar yaranır. Maraqlıdır, məlum mağazaların bağlanmasına səbəb nədir və bu prosesin alıcılar üçün nə kimi risqləri var?

“Yaxın gələcəkdə LC Waikiki, New Yorker, Terranova, Calliope və digər brendlər də fəaliyyətlərini əsasən onlayn platformalar üzərindən davam etdirsinlər”

Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illərdə azərbaycanlı istehlakçılar onlayn alış-verişin üstünlüklərini mənimsəyib: “Alış-veriş həvəskarları aktiv şəkildə Temu, Trendyol kimi platformalardan istifadə edir. Demək olar ki, bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində də artıq müşahidə olunur. Ənənəvi (offlayn) mağazalar yüksək əməliyyat xərcləri – icarə haqları, əməkhaqqı, xidmət və vergi ödənişləri səbəbindən rəqabət qabiliyyətiniitirir, onların onlayn ticarətlə rəqabət apara bilməməsinə səbəb olur. Nəticədə bu xərclər məhsul qiymətlərinə də təsir edir və alıcılar daha sərfəli və səmərəli variant olan onlayn alış-verişə üstünlük verirlər. Gözlənilir ki, yaxın gələcəkdə LC Waikiki, New Yorker, Terranova, Calliope və digər brendlər də fəaliyyətlərini əsasən onlayn platformalar üzərindən davam etdirsinlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, dünyada onlayn ticarət artıq 10 ildən çoxdur ki, geniş şəkildə yayılıb. Azərbaycanda isə bu sahə nisbətən yenidir və son illərdə onlayn satış platformaları vasitəsilə alış-verişə maraq artmağa başlayıb: “Pandemiya dövründə mağazaların fəaliyyətinin məhdudlaşdırılması insanları alternativ yollar axtarmağa məcbur etdi və nəticədə onlayn alış-veriş geniş vüsət aldı. Pandemiya başa çatsa da, bir çox insan onlayn alış-verişi daha sərfəli hesab etdiyi üçün bu gün də həmin platformalardan istifadə edir. Gələcəyin ticarəti rəqəmsal platformalar üzərində qurulacaq və bu proses artıq başlayıb. Ənənəvi ticarətlə məşğul olan sahibkarlar da bu dəyişikliklərə hazır olmalı və fəaliyyətlərini yeni tələblərə uyğun şəkildə yenidən qurmalıdırlar. Onlayn platformalarda eyni məhsulların daha ucuz qiymətlə təklif olunması, çatdırılma xidmətlərinin mövcudluğu və seçim imkanlarının genişliyi bu sahənin inkişafını sürətləndirir”.

Günel CƏLİLOVA

Seçilən
93
baki-xeber.com

1Mənbələr