AZ

Roza Əliqızı: “Zəfər Günü – bir millətin yenidən doğuluşunun tarixidir”

“Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvər Tərbiyə İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Roza Əliqızı 8 Noyabr — Zəfər Günü münasibətilə xalqımıza müraciət edib.

QHT sədri bildirib ki, bu tarix təkcə Azərbaycanın torpaqlarının deyil, həm də milli ruhunun və qeyrətinin azad olunduğu gündür:

“Biz hamımız bu gün qürurla, sevinclə, eyni zamanda xatirələrlə dolu bir duyğu içindəyik. 1992-ci ildən bu yana uzun, ağır illər keçdi. O illərdə mən də gənc bir qız olaraq hərbi xidmətə yollandım. Qarabağdan gələn xəbərlər hər evin qəlbini yandırırdı. Neçə şəhid, neçə yaralı gördüm... Amma xalqımız bütün ağrılara baxmayaraq, ümidini itirmədi.”

Roza Əliqızı bildirib ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi xalqımızın səbrinin, inamının və birliyinin təntənəsinə çevrildi:

“Azərbaycan Ordusu, Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində 30 illik həsrətə son qoydu!
Bu, igidlərimizin qanı, xalqımızın birliyi, şəhidlərimizin müqəddəs canı bahasına qazanılmış bir Zəfər idi.
Bu gün azad Qarabağda ucalan bayrağımız sadəcə bir rəmz deyil — o, xalqımızın qürurunun, əzminin, səbrinin simvoludur. Şuşa səslənəndə, sanki hər bir azərbaycanlının ürəyi eyni ritmlə döyünür. Çünki biz o günü göz yaşlarımızla, dualarımızla, inamımızla çağırmışdıq. Zəfər Günü — bir xalqın ‘mümkünsüz’ deyilənə ‘bəli, mümkündür’ dediyinin sübutudur. 
Bu Zəfər təkcə hərbi qələbə deyil — bu, mənəvi dirçəlişin, bir millətin yenidən doğuluşunun tarixidir.”

Sonda Roza Əliqızı şəhidlərimizin ruhuna ehtiramını bildirib:

“Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlıqla baxıram. Qoy ucalardan uca bayrağımız heç zaman enməsin, qoy Vətən sevgisi nəsildən-nəslə ürək kimi döyünsün, heç sönməsin!

Zəfərin mübarək, Azərbaycan!”

Seçilən
21
qht.az

1Mənbələr