AZ

Şagirdlərə fərqli idman növləri tədris olunmalıdır Ramin Nurəliyev

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Fiziki tərbiyə dərslərinin orta ümumi təhsil məktəblərində tədris proqramına uyğun olaraq həyata keçirilməsi mütləqdir. İlk növbədə, fiziki tərbiyə dərsləri həqiqətən də vacibdir. Hər bir gəncin sağlamlıq baxımından fiziki fəaliyyətə ehtiyacı var və bu, gələcək həyatlarında sağlamlığın təməlini qoyur. Fiziki tərbiyə dərsləri məhz burada başlanğıc nöqtəsini tapır".

Bu fikirləri Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev orta məktəblərdə idman dərslərinin düzgün şəkildə keçirilməməsindən danışarkən bildirdi.

O, təəssüflə qeyd etdi ki, bir çox halda orta ümumi təhsil məktəblərində fiziki tərbiyə müəllimləri bəzən verilən tədris proqramına uyğun hərəkət etmirlər:

"Elm və Təhsil Nazirliyi hər bir fənn üçün illik plan verir və bu plana uyğun olaraq dərslər keçirilməlidir. Lakin bəzi müəllimlər şagirdlərin istək və arzularını nəzərə alaraq, ya da öz rahatlıqlarını düşünərək, dərsləri müəyyən idman növləri ilə futbol, voleybol, basketbol və s. və ya hətta hava şəraitinə uyğun olaraq fərqli fəaliyyətlərlə keçirirlər. Bu vəziyyət fiziki tərbiyə dərslərinin illik plana uyğun olmaması ilə nəticələnir. Bu yanaşma bəzi hallarda valideynlərin ciddi narazılığına səbəb olur. Məsələn, uşaqlar fiziki tərbiyə dərslərində aktiv idmanla məşğul olduqdan sonra soyuq havaya çıxa bilirlər, ya da tərlədikdən sonra düzgün formada üstlərini dəyişmirlər. Bu isə şagirdlərin xəstələnməsinə gətirib çıxarır və valideynlər üçün narahatlıq doğurur".

Ekspert vurğuladı ki, fiziki tərbiyə dərsləri müəllimlərin şəxsi istəklərinə uyğun keçirilməməli, Elm və Təhsil Nazirliyinin verdiyi illik plana uyğun şəkildə təşkil edilməlidir.

"Hər bir fəslə, hər bir rübə görə xüsusi təqvim proqramı olmalıdır və dərslər bu plana uyğun həyata keçirilməlidir. Paralel olaraq idman növləri də şagirdlərə tədris olunmalıdır. Əks halda, bəzi şagirdlər müəyyən idman növləri və fiziki fəaliyyət üsullarını düzgün mənimsəyə bilmirlər. Çünki dərslərin əksəriyyəti ya futbolla, ya da voleybolla əvəz olunur ki, bu da tamamilə düzgün deyil. Bu məsələdə məktəb rəhbərliyi ciddi nəzarət etməli və tədris prosesini düzgün istiqamətləndirməlidir. Həmçinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu istiqamətdə qeydlər aparmalıdır. Fiziki tərbiyə dərsləri yalnız müəllimlərin və şagirdlərin istəyinə əsaslanmamalı, illik plana uyğun olaraq həyata keçirilməlidir. Bu yanaşma ilə şagirdlər tamamilə düzgün fiziki tərbiyə alar və gələcəkdə sağlam həyat tərzini mənimsəyərlər", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
1
redaktor.az

2Mənbələr