Əli Mustafa: “Naxçıvanın blokadadan çıxarılması daha tez həyata keçirilməlidir”
Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Orbeli Forumu”nun açılışında bildirib ki, Ermənistan və ABŞ Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni dəmir yolunun tikintisi ilə bağlı aktiv danışıqlar aparır: “Hazırda biz amerikalı tərəfdaşlarımızla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasını müzakirə edirik. Niyə məhz ABŞ-la? Çünki bu, TRIPP layihəsinin ayrılmaz hissəsidir”.
Məlum məsələdir ki, Zəngəzurdan keçən dəmir yolunun bərpası bir neçə il vaxt aparacaq. Söhbət bununla bağlı oradakı infrastrukturun bərpasından gedir. Ancaq o da var ki, artıq Azərbaycan üzərindən Ermənistana Qazaxıstan və Rusiya taxılı daşınır. Ona görə də buna qarşılıq Zəngəzurdan Naxçıvana gedən avtomobil yolu tezliklə açıla bilərmi?
“Bu da avtomobil yolunun tez bir müddətdə bərpa edilməsindən keçir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Azərbaycanın müsbət jestinə uyğun Ermənistan tərəfindən adekvat addım atılmalıdır: “Bəli, Azərbaycanla Ermənistan arasında münasibətlər getdikcə bərpa olunur. Faktiki olaraq, Azərbaycan Ermənistana qarşı blokadanı aradan qaldırıb. Artıq Qazaxıstandan, Rusiyadan Ermənistana taxıl daşınır. Yəqin digər ərzaq və mallar da daşınacaq. Belə olan halda,təbii, Azərbaycan Ermənistan tərəfi üzərinə öhdəlik qoyur ki, Naxçıvana olan blokadanı aradan qaldırsın. Yəni bir zamanlar Zəngəzurdan Naxçıvana gedən dəmir yolunun dağıdılması, yararsız hala salınması Ermənistanın günahıdır. O cümlədən, avtomobil yolunun pis günə qoyulması da bununla bağlıdır. Bu, Ermənistanın təqsiri və yaxud da xoş olmayan münasibətidir. Düzdür, dəhlizin keçəcəyi ərazinin ABŞ şirkətinə icarəyə verilməsi nəzərdə tutulub. Yəni TRİP marşrutu çərçivəsində həmin ərazidən keçəcək dəmir və avtomobil yollarının çəkilməsində də ABŞ iştirak edəcək. Artıq bu məqsədlə ABŞ 145 milyon dollar ayırıb. Lakin Ermənistan Naxçıvanın blokadadan çıxarılması üçün alternativ variantlar da təklif edə bilər. Hesab edirəm ki, burada iki variant var. Birincisi, Orta Dəhlizin Ermənistan üzərindən keçməsi. Bu zaman Ermənistan da tranzit ölkə olaraq bundan qazanacaq. Nəticədə bu ölkənin büdcəsinə böyük miqdarda vəsait daxil olacaq. İkincisi, Naxçıvanın blokadasının aradan qaldırılmasından söhbət gedir. Yəni Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz gediş-gəliş təmin ediləcək. Fikrimcə, Naxçıvanın blokadadan çıxarılması daha tez həyata keçirilməlidir. Bu da avtomobil yolunun tez bir müddətdə bərpa edilməsindən keçir. Hesab edirəm ki, dəmir yolundan fərqli olaraq, avtomobil yolunun bərpası elə çox vaxt aparmayacaq. Bir formada Naxçıvana avtomobil yolu açılmalıdır və təhlükəsizliyi təmin edilməlidir. Bunun üçün onların hərəkətə keçməsi şərtdir və bunu edə bilərlər. Necə edəcəkləri isə onların öz işidir. Reallıq odur ki, Naxçıvana Ermənistanın tətbiq etdiyi blokada praktiki olaraq hələ aradan qalxmayıb”.
Vidadi ORDAHALLI