Bakıda yaşayış binalarının həyətləri barbad hala salınır, yaşıllıqlar məhv edilir. Həyətdə oturacaqlar qırılır, insanların istirahət yerləri dağıdılır.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə Nəsimi rayonu ərazisində yaşayan vətəndaşlar şikayətlərində bildiriblər.
Qeyd edilir ki, 54 saylı orta məktəbin yaxınlığında, bina 24-ün həyətinda ağaclar qırılır. Uşaqlar üçün qoyulan atraksionlar dağıdılıb, yelləncəklər və oturacaqlar sökülüb. Əvəzində isə boş ərazi zəncirlənib. Kimlərsə həmin boş sahədə maşın saxlayırlar.
Şikayətçi Fərzanə Çipa BAKU.WS-ə bildirib ki, dəfələrlə bu barədə lazımı orqanlara şikayət edilsə də, heç bir nəticə olmayıb. Əraziyə nəzarət edən "JEK" nümayəndəliyi və digər qurumlar məsələyə biganə yanaşırlar.
Qurumun mühəndisi Nihad Süleymanov BAKU.WS-ə bildirdi ki, məsələ barədə məlumatlıdırlar.
"Dəfələrlə vurulan zəncirlər çıxarılsa da, yenə də vətəndaşlar özbildiklərini edirlər. Hər dəfə məsələyə müdaxilə edirik", - deyə Nihad Süleymanov bildirib.
Qurum rəsmisi məsələni diqqətdə saxlayacaqlarını əlavə edib.
Ziya SƏCCAD