AZ

Yeni "Özəlləşmə qanunu" niyə gecikdirilir?..


Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsinə dair Hesablama Palatasının rəyində diqqət çəkən məqamlardan biri yeni “Dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi haqqında” qanunun hələ də qəbul edilməməsidir. Sənədə əsasən, 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası bu qanunun 2023-cü ildə hazırlanaraq təsdiqlənməsini nəzərdə tuturdu. Lakin proses iki ildən çoxdur ki, ləngiyir. Gecikmənin səbəbləri təkcə texniki deyil, həm də iqtisadi və siyasi xarakter daşıyır.

İlk növbədə, özəlləşdirmə prosesinə start vermək üçün dövlət müəssisələrinin maliyyə vəziyyəti və aktivlərinin real dəyəri barədə dəqiq və şəffaf məlumat bazası tələb olunur. Bir çox müəssisələrdə müstəqil audit hesabatları yoxdur, uçot sistemi köhnə standartlarla aparılır. Nəticədə, bu müəssisələrin bazar dəyəri düzgün müəyyənləşdirilmir, investor üçün risq yüksək olur. Yeni qanun məhz bu problemləri nəzərə alaraq, şəffaf hesabatlılıq, elektron hərrac və qiymətləndirmə mexanizmlərini tənzimləməlidir. Bu isə sadə qanunvericilik işi deyil - dövlət strukturlarında həm idarəetmə, həm də maliyyə intizamının yenidən qurulmasını tələb edir.

Özəlləşdirmənin gecikməsinin daha dərin səbəbi isə siyasi xarakter daşıyır. Enerji, nəqliyyat, rabitə və mədən sənayesi kimi sahələr dövlətin strateji nəzarətində saxlanılır. Hökumət bu sahələrdə özəlləşdirmənin milli təhlükəsizlik və iqtisadi suverenliyə təsir edə biləcəyindən ehtiyat edir. Buna görə də yeni qanun yalnız “satış” mexanizmini deyil, həm də idarəetməyə verilmə modellərini - məsələn, publik-özəl tərəfdaşlıq (PPP), konessiya, icarə və ya hibrid idarəetmə müqavilələri kimi alternativ formaları nəzərdə tutur.

Özəlləşdirmə sahəsində əsas icra orqanı Əmlak Məsələləri Dövlət Xidməti olsa da, prosesə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Hesablama Palatası da müxtəlif səviyyələrdə nəzarət edir. Yeni qanun bu səlahiyyətləri daha aydın bölməli, dövlət aktivlərinin idarə edilməsində vahid qərarverici mərkəz yaratmalıdır. Hazırda layihənin məhz bu idarələrarası razılaşdırma mərhələsində “ilişib” qalması, sənədin gecikməsinə səbəb kimi göstərilir.

Özəlləşdirmə yalnız hüquqi deyil, həm də iqtisadi zamanlama məsələsidir. Son illərdə qlobal və regional iqtisadi qeyri-sabitlik, yüksək faiz dərəcələri və investisiya risqləri fonunda dövlət aktivlərinin satış qiymətləri aşağı formalaşa bilərdi. Bu isə ictimai rəydə “dövlət əmlakı ucuz satılır” kimi tənqidlərə yol aça bilər. Belə vəziyyətdə hökumət tələsik özəlləşmədən qaçaraq, prosesi daha sabit makroiqtisadi mühitdə həyata keçirməyi üstün tutur.

Son illərin tendensiyası göstərir ki, hökumət tam özəlləşdirmə modelindən çox, idarəetməyə verilmə və ya birgə fəaliyyət (joint management) formalarını üstün tutur. Məsələn, “Azərbaycan Hava Yolları”, “Azərenerji”, “Azərsu” və digər bunun kimi iri dövlət müəssisələrinə beynəlxalq məsləhətçi şirkətlərin cəlbi ilə idarəetmənin optimallaşdırılması planlaşdırılır. Publik hüquqi şəxs statusu verilən qurumlar vasitəsilə dövlət nəzarəti saxlanılır, lakin fəaliyyət kommersiya prinsiplərinə yaxınlaşdırılır. Yeni qanunun da bu konsepsiya üzərində qurulacağı gözlənilir. Məqsəd aktivləri satmaq yox, onların səmərəliliyini artırmaq olacaq.

Özəlləşmə haqqında yeni qanunun gecikməsi bəzən “siyasi iradə çatışmazlığı” kimi şərh edilir. Amma əslində, məsələ bundan daha mürəkkəbdir. Hökumət bir tərəfdən iqtisadi səmərəlilik və investisiya cəlbediciliyini artırmaq istəyir, digər tərəfdən isə strateji sektorlar üzərində nəzarəti qorumağa çalışır. Bu balans tapılmadan yeni qanunun qəbul edilməsi real görünmür. Ancaq Hesablama Palatasının rəyində bu məsələyə xüsusi diqqət yetirilməsi göstərir ki, 2026-cı ildə dövlət siyasətində özəlləşmə mərhələsinin yenidən aktuallaşması gözləniləndir.

Akif NƏSİRLİ

Seçilən
56
baki-xeber.com

1Mənbələr