Göydəniz Qəhrəmanov: “Şuşa – Qələbəmizin tacı, yenilməz iradəmizin simvoludur!”
“Beş il əvvəl, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm günlərindən birini yaşadı. Müzəffər Ordumuz sıldırım qayalardan, yolsuzluqlardan keçərək Şuşa şəhərini işğaldan azad etdi. Bu Qələbə təkcə bir şəhərin geri qaytarılması deyildi – bu, xalqımızın milli qürurunun, dövlətimizin gücünün, Ali Baş Komandan cənab İlham Əliyevin əzminin və sarsılmaz iradəsinin təntənəsi idi. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin zirvəsi, Qarabağ Zəfərinin tacı oldu. Cənab Prezident hələ müharibənin ilk günlərindən demişdi: “Şuşasız bizim işimiz yarımçıq qalar”. Bu sözlərlə xalqın qəlbindəki ən böyük arzuifadə olunmuşdu. Düşmənin tanklarla, zirehli texnikalarla silahlandığı, əlverişli mövqelər tutduğu bir şəraitdə igid əsgərlərimiz yalnız yüngül silahlarlaqayaları aşaraq, düşmən üzərinə şığıdılar. Bu, əsl qəhrəmanlıq dastanı idi. Şuşa uğrunda döyüşlər Azərbaycan Ordusunun rəşadətini, xalqın iradəsini, dövlət başçımızın sarsılmaz qətiyyətini bütün dünyaya göstərdi.”
Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat xüsusi olaraq vurğulayıb ki, Şuşaya gedən yol öz başlanğıcını Ulu Öndər Heydər Əliyevin qurduğu güclü dövlətin təməlindən götürüb: “Cənab Prezident İlham Əliyev Ümummilli Liderimizin siyasi kursunu dəvam etdirərək Azərbaycanı iqtisadi, siyasi və hərbi baxımdan regionun ən qüdrətli dövlətinə çevirdi. Bütün bunlar bizi 8 Noyabr Zəfərinə – tariximizin ən qürurlu səhifəsinə gətirib çıxardı. “Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır! – Müzəffər Ali Baş
Komandanın bu sözləri milyonlarla Azərbaycanlının qəlbində əbədi iz qoydu. Xalqımız bir yumruq kimi birləşdi və bu birlik sayəsində Azərbaycan 30 il davam edən işğala son qoydu, BMT qətnamələrini özü icra etdi və ədaləti döyüş meydanında bərpa etdi. Bu Qələbə təkcə bir döyüşün nəticəsi deyildi. Bu, onilliklər boyu aparılan məqsədyönlü siyasətin, iqtisadi gücün, xalqın liderinə inamının nəticəsi idi. Şuşa əməliyyatı sübut etdi ki, Azərbaycan xalqı istənilən maneəni dəf edə, istənilən hədəfə çata bilər. Hər bir əsgərimizin, şəhidimizin fədakarlığı bu Zəfərin ən uca dəyəridir. Bu gün Şuşa yenidən dirçəlir. 28 illik həsrətdən sonra şəhər həyatla dolub. Bərpa olunan tarixi abidələr, ucaldılan yeni binalar, inşa edilən Zəfər Yolu Şuşanın azadlıq ruhunu gələcəyə daşıyır. “Xarıbülbül” festivalı, beynəlxalq tədbirlər, bərpa olunan mədəniyyət ocaqları – bunların hər biri Azərbaycan dövlətinin öz tarixinə, öz mədəniyyətinə olan ehtiramının göstəricisidir. 2023-cü ildə Prezident İlham Əliyevin qərarı ilə 8 Noyabr – Şuşa şəhəri günü elan edildi. Bu qərar yalnız bir təqvim hadisəsi deyil, həm də Zəfər tariximizin simvoludur. Şuşa bu gün həm azadlığın, həm qürurun, həm də milli dirçəlişin şəhəridir. Qarabağ Zəfərinin zirvəsində parlayan Şuşa Azərbaycan xalqının əzmini, dövlətinin qüdrətini, rəhbərinin müdrikliyini əks etdirən canlı abidədir. Bu şəhər azadlığı ilə, dirçəlişi ilə, ucalığı ilə əbədi yaşayacaq” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.