Paris, 6 noyabr, AZƏRTAC
Fransa Milli Assambleyasının sədri Yael Bron-Pivet parlamentdə müzakirələri izləyən hicablı qızların olmasını qəbuledilməz adlandırıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Lakin hüquqi baxımdan parlamentin qaydaları baş örtüyünü qadağan etmir. Milli Assambleya sədrinin reaksiyası onun parlamentdə qəbul olunmuş qanunlardan xəbərsiz olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, məsələ ifrat sağçı deputat Jülyen Odul tərəfindən X platformasında paylaşılan bir foto ilə başlayıb. Şəkildə Milli Assambleyanın tamaşaçı tribunasında oturan gənc qızların bəzilərinin hicablı olduğu görünür. Odul bunu “rüsvayçı təxribat” adlandırıb. Buna cavab olaraq, Yael Bron-Pivet yazıb: “Milli Assambleyada 2004-cü ildə məktəblərdə dünyəviliyi qorumaq haqqında qanun qəbul olunub. Bu məkanda uşaqların açıq dini simvollar daşıması qəbuledilməzdir. Respublika prinsiplərinin ardıcıllığı naminə, bu vəziyyətin təkrarlanmaması üçün hamıdan diqqətli olmağı xahiş edirəm”.
Bron-Pivet-in bu mövqeyi sol partiyalar tərəfindən dərhal tənqid edilib. Xüsusilə də “Əyilməz Fransa” deputatları onun açıqlamasını “islamofob təbliğatın təkrarı” kimi dəyərləndiriblər.
“Siz ultrasağçı “Frontières” saytının islamofob gündəmini qəbul edirsiniz. Onlar bu fotonu yayıb gənc qızları ictimai şəkildə hədəf alıblar”, - deyə Milli Assambleyanın Maliyyə Komissiyasının sədri Erik Kokrel Bron-Pivetə sualla müraciət edib: “Siz hansı qaydaya əsaslanaraq dini simvolları qadağan edirsiniz? Belə bir maddə parlamentin reqlamentində yoxdur”.
Hüquqi tərəf: Qaydalarda belə bir qadağa yoxdur
Fransa Milli Assambleyasının 8-ci maddəsi bu məsələni konkret şəkildə tənzimləmir. Orada yalnız qeyd olunur ki, tribunada olan şəxslər sakit, başıaçıq və uyğun geyimdə olmalıdırlar.
2019-cu ildə Assambleyanın mətbuat xidməti “dini mənsubiyyət göstərən geyimlərin qadağan edilmədiyini” açıqlamışdı. Yalnız o halda tədbir görülə bilər ki, bu geyim “iclasın normal gedişatına mane olsun”.
Bundan əlavə, Fransa qanunvericiliyində 2004-cü il dünyəvilik haqqında qanun yalnız dövlət məktəblərinə şamil olunur – yəni məktəblərdə, kolleclərdə və liseylərdə dini simvolların qadağan edilməsini nəzərdə tutur. Milli Assambleyaya gələn vətəndaşlara isə bu məhdudiyyət tətbiq edilmir.
Qeyd edək ki, bu məsələ Fransada ilk deyil. 2020-ci ildə UNEF tələbə ittifaqının vitse-prezidenti Məryəm Pujeto da parlament komissiyasına hicabla qatıldığı üçün tənqid edilmişdi. O zaman da dünyəvilik prinsipi ilə fərdi azadlıq arasında gərgin mübahisələr yaranmışdı.
Yael Bron-Pivetin açıqlaması Fransa siyasətində dünyəvilik və dini azadlıq mövzularını yenidən gündəmə gətirib. Hüquqşünaslar bildirirlər ki, başörtüyünü qadağan edən heç bir reqlament yoxdur, ancaq bu məsələ Fransa cəmiyyətində mədəni və ideoloji xəttləri bir daha kəskin şəkildə üzə çıxarıb.