İzləyicimiz Cəlilov Nadir Nahid oğlu Patrul.az redaksiyasına müraciət edərək Xətai rayonu, Ağ şəhər ərazisində baş verən hadisə ilə bağlı şikayət etmişdi. Onun sözlərinə görə, 05 oktyabr 2025-ci il tarixində, saat 21:00 radələrində “Neptun” marketin qarşısında AzParking-ə məxsus park yerində 99-M-374 dövlət qeydiyyat nişanlı motosikletini saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu zaman 90-BY-008 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilin xanım sürücüsü yaxınlaşaraq motosikleti kənara çəkməsini tələb edib. Sürücü imtina etdikdə qadın avtomobili ilə motosikleti vuraraq yerə yıxıb. Hadisə anı mobil telefonla lentə alınıb və kadrlarda qadının “zor edirəm, çək” ifadəsi aydın eşidilir.
Motosikletin yerə yıxılması nəticəsində onun sürətlər qutusu zərər görüb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Patrul.az-a açıqlamasında bildirib ki, videogörüntüləri yayılan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun narkotik vasitənin təsiri altında olduğu şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müəyyən olunub ki, 2001-ci il təvəllüdlü İlkin Qarayev narkotik vasitənin təsiri altındadır. Onunla bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 25 sutka inzibati qaydada həbs olunub.