Türk şairi Tofiq Fikrətin bir beytini həmişə xatırlamışıq: İkinci Qarabağ müharibəsində daha həssaslıqla, daha böyük niyyətlərlə xatırladıq:
Zülmün topu var, gülləsi var, qələsi varsa
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Azərbaycan Ordusu zülümə – işğalçı dövlətin niyyətini çiliklədi, dövlətin dönməz siyasətiylə, yenilməz gücü ilə. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi dünyanın pozulmuş nizamını bərpa etdi.
Azərbaycan Ordusunun hissələri düşmənin “Ohanyan səddi” adlandırdığı müdafiə sistemini, müdafiə sədlərini dağıtdı, döyüşə-döyüşə irəlilədi, mövqe qələbələri qazandı. Bu qələbələr Ordumuzu Böyük Qələbəyə yaxınlaşdırırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bu qələbələrin işğalı sonlandıracağına əminliyini də bildirirdi: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.
Mövqe qələbələri Ordumuzu Şuşaya bir döyüş qədər yaxınlaşdırırdı. Döyüşçülər hər döyüşü Şuşa uğrunda son döyüş bilib döyüşürdü.
Düşmən xəyalına da gətirə bilməzdi ki, Azərbaycan Ordusu Şuşaya meşələrdən keçib yaxınlaşacaq, dərələri keçərək yaxınlaşacaq, dağları aşaraq çatacaq, bu Qala-şəhərə sıldırımları pilləkənə döndərib çıxacaq, yüngül silahlarla döyüşəcək. Rus jurnalistinin Şuşa uğrunda döyüşlər haqqında təəssüratları neçə dəfə xatırladılsa da azdı: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”.
Şuşa işğaldan belə döyüşlərlə azad edildi. Bu tarixi Zəfər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
2021-ci il yanvarın 14-də cənab Prezidentimiz Şuşada Dövlət Bayrağımızı dalğalandırdı. Bu, bütün azərbaycanlıların adından yaşadılan böyük, müqayisəyəgəlməz qürurlu anlar idi...
2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edildi.
Şuşada da tarixi Zəfərdən sonra quruculuq işləri aparılmaqdadır. Şuşa da yenidən qurulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il 21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb. Baş planda şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Şəhərin şərq və mərkəzi hissələrində tarixi quruluşun qorunması məqsədilə yol şəbəkələrinə müdaxilə minimal səviyyədə saxlanılaraq mövcud tarix-mədəniyyət abidələrinin bərpa/rekonstruksiyası nəzərdə tutulub. Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb. Yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib, bütün sosial xidmət müəssisələrinin (məktəb, bağça, səhiyyə müəssisələri və s.) ictimai nəqliyyat marşrutları ilə əlaqələndirilərək əlçatan olması təmin edilib.
Şuşanın tarixi görkəmi saxlanılır, tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada işğal nəticəsində bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa – Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstlərini ermənilər güllələmişdi, Şuşadan aparmışdı, gürcüstana satmıdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik uğuru nəticəsində güllələnmiş büstlər azərbaycana qaytarıldı, işğaldan sonra Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana, Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.
Prezident İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli”, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.
Azərbaycn Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən 8 Noyabr – Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur...
Şuşa ruhumuzun şəhəridi. Bu şəhər neçə yüz il əvvəldən bu günə kimi “Mən azərbaycanlıyam!” deyənlərin hamısının ömrünün ruhi-mənəvi gündoğarı olub...
Şuşa şəhəri günü hər birimiz üçün bir ildə 365 gün deməkdir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı